6 Oktyabr 2016 19:39
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya böhranının nizamlanmasına dair ABŞ-la Rusiya arasında sentyabr ayında əldə edilmiş razılaşmanın iflasa uğraması yaxın gələcəkdə bu ölkədə hansı hadisələrin cərəyan edəcəyinə dair sualları yenidən gündəmə gətirib. Suriya böhranı öz həllini necə tapacaq? Yaxın Şərqin bu ölkəsində silahlar nə vaxt susacaq?

Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, ABŞ-la Rusiyanın Suriya məsələsinə dair əməkdaşlığı dayandırması bu ölkədəki proseslərə ciddi şəkildə müsbət və ya mənfi olaraq hər hansı təsini göstərməyəcək.

Müsahibimiz bildirib ki, Suriyada problem necə var idisə, elə də qalacaq və proseslər hansı məcrada inkişaf edirdisə o məcrada da davam edəcək: “Amerika və Rusiyanın Suriyada əməkdaşliğı real əsaslara söykənmirdi. Ümumiyyətlə bu iki ölkənin Suriyada maraqları kəskin şəkildə toqquşur və bu səbəbdən hansısa bir şəkildə onların əməkdaşlıq etdiyini və ya edəcəyini düşünmək sadəlövlük olardı. Əslində bu ilin fevral ayında ABŞ və Rusiya arasında atəşkəslə bağlı razılığa gəlinməsinin özü belə daha çox imitasiya xarakteri daşıyırdı. Sadəcə bildiyiniz kimi hazırda Türkiyə Suriyada əməliyyatlar keçirir, İran Suriyada öz mövcudluğunu müəyyən mənada qoruyub saxlamağa çalışır. Bütün bunların hamısı əslində Suriyada yeni maraqlı proseslərin getməsinə səbəb olacaq”.

V.Zifəroğlu qeyd edib ki, Yaxın Şərq müxtəlif supergüclərin maraqlarının kəsişdiyi bir nöqtədir və bu anlamda orda hansısa bir gücün öz silahlarını tətbiq etməsi, hətta sınaqdan keçirməsi çox təəssüf, artıq təbii hal almağa başlayıb: “Təkcə Rusiya və ABŞ deyil. Götürək İranı. SEPAH-ın ən avanqard, ciddi qüvvələri hazırda Suriyada müxalifətə və İŞİD-ə qarşı döyüşdədir. Bu mənada Suriya ümumiyyətlə poliqona çevrilib. Mən hətta belə deyərdim; Suriyada baş verən müharibə dünya müharibəsinin kiçik bir modelidir. Biz bu gün heç bir şəkildə deyə bilmərik ki, Suriyada problemin kökündə ölkə iqtidarı ilə silahlı müxalifəti arasında toqquşma durur. Münaqişə artıq local xarakterini itirib, daha qlobal çalarlar daşımağa başlayıb”.

Bəs, Suriyada yaxın gələcəkdə cərəyan edəcək hadisələri proqnozlaşdırmaq mümkündürmü? V.Zifəroğlu bu sualın bir neçə yöndən cavablandırılmasının mümkün olduğunu vurğulayıb: “Baxır siz proqnoz deyərkən nəyi nəzərdə tutursunuz. Əsədin getməsini nəzərdə tutursunuzsa, Əsəd hələ getməyəcək. Bunu hələ 2-3 il bundan əvvəl də demişdim. Xatırlayırsınızsa, həmin vaxt ABŞ-ın Suriyaya müdaxiləsi ciddi müzakirə edilirdi və əksəriyyət iddia edirdi ki, Əsəd yaxın gələcəkdə postunu tərk etməkli olacaq. Bu gün də o fikirdəyəm ki, Əsəd hələ bir müddət də qalacaq. Onun qalmasının başlıca səbəbi məhz regionda, əsasən də Suriyada marağı olan dövlətlərin Suriyanın gələcəyi ilə bağlı aydın və yekdil rəylərinin olmamasıdır. Yəni, Suriyada maraqlar ən kəskin şəkildə toqquşur və bu toqquşma ölkədəki vəziyyəti daha da qarışdırır. Bu, nə qədər qəribə olsa da, indiki haıda Əsədin öz mövqelərini gücləndirməsinə səbəb olur. Bu işin bir tərəfidir.

Proqnoz deyərkən İŞİD-i nəzərdə tutursunuzsa, İŞİD-i də tamamilə səhnədən silmək mümkün olmayacaq. Sadəcə, Rakkaya hücumu təşkil etməklə və oranı almaq və İŞİD-i ordan çıxarmaqla bu təşkilatın kökünü kəsəcəyini düşünənlər, əslində çox yanılırlar. İkincisi, Rakkaya hücumun özü nə dərəcədə realdır, bunun özü də bir qədər mübahisə predmetidir. Rakkaya hücumun təşkil edilməsi üçün Qərb, varqüvvəsi ilə Türkiyənin potensialından yararlanmaq niyyətindədir. Türkiyə isə belə bir riskli və əhəmiyyətli hücuma təkbaşına qol qoymaq istəmir. Rakkaya hüsum etməklə əslində bu gün Suriyanın şimalında, yəni Fəratın qərb sahilində əldə etdiyi üstünlükləri əldən verə bilər. Bu çox böyük riskdir və Türkiyənin maraqlarına cavab vermir. Bu səbəbdən də rəsmi Ankara hücumun ABŞ-la birgə həyata keçirilməsində israr edir”.
Kürd separatçılarına gəldikdə isə, V.Zifəroğlu deyib ki, onlar faktiki əllərində olan mövqeləri saxlamağa çalışırlar və bununla da Aralıq dənizinə çıxmağı özündə ehtiva edən kürd zolağı hədəfinə çatmaq niyyətindədirlər: “Türkiyə təzyiqləri nə qədər artırsa da, Qərb kürd birləşmələrini dəstəkləyir. Digər tərəfdən Türkiyə silahlı qüvvələrinin oradakı türkmən və ərəb tuğayları ilə birgə kürdlərlə toqquşmalarına da hər vəhclə qarşı çıxır, hətta bununla əlaqədar diplomatic təzyiq rıçaqlarından da ustufadə edir”.
Ekspert hesab edir ki, bütövlükdə Suriyada proseslər hələ davam edəcək: “Hazırda hər şey Türkiyənin və müttəfiq ASO-nun keçirdiyi əməliyyatlardan və onların nəticələrindən asılıdır. O cümlədən, əməliyyatın üçüncü mərhələsində basilica hədəf olaraq götürülən əl-Bab məntəqəsinin nəzarətə alınmasından çox asılıdır.Ora kifayət qədər ciddi strateji əhəmiyyətə malikdir və Afrinə, Hələbə, eləcə də Rakkaya gedən yol, onların tam arasında yerləşən ciddi məntəqədir. Bu mənada qeyd etdiyim faktorlardan çıxış edərək hazırda Suriya ilə bağlı hər hansı proqnozlar vermək mənasızdır”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər