Teleqraf.com Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla müsahibəni təqdim edir.
- Ziyafət müəllim, aprel döyüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesi aktivləşdi. Lakin son dövrlər sanki danışıqlara fasilə verilib. Siz, vəziyyəti necə qiymətləndirirsiniz?
- İndiki vəziyyəti aktiv qiymətləndirməzdim. Biz daima həmsədrlərdən münaqişəsinin həll edilməsi prosesinin sürətləndirilməsini gözlədiyimizi ifadə etmişik. Sözün doğrusu, bu gün üçün məsələnin həllinə dair vəziyyət məni qane etmir.
- Aprel hadisələrindən sonra beynəlxalq aləm münaqişənin həllinə dair aktiv danışıqlara başlanması, problemin tezliklə həllinə dair çağırışlar etmişdi. Necə düşünürsünüz, aprelin əvvəlində mövcud olan vəziyyət indi dəyişib?
- Həmsədr ölkələr daima bəyanatlarında ifadə edirlər ki, status-kvo dəyişdirilməlidir, vəziyyət bu cür qala bilməz. Amma təəssüf ki, bütün bunlar bəyanatdan o yana keçmir. Ortada əməl və hərəkət yoxdur. Bizi narazı salan da budur. Biz həmsədr ölkələrin rəhbərlərinə və nümayəndələrinə müraciət edirik ki, bu məsələdə aktivliyi artırsınlar.
- ABŞ dövlət katibi Con Kerrinin “münaqişə tərəfi olan liderlər problemin həllinə hazır deyil” bəyanatını necə qiymətləndirmək olar?
- Bu məsələyə cənab prezident münasibət bildirdi. Sözsüz ki, prezidentin fikirləri ilə 100 faiz razıyam. Bilirsinizmi, bu əslində Ermənistana haqq qazandırmaq deməkdir. Necə yəni hazır deyillər? İşğala məruz qalan ölkə Azərbaycandır. Azərbaycan ərazilərinin işğaldan azad olunmasına necə hazır olmaya bilər? Hazır olmayan tərəf Ermənistandır. Deməli Ermənistana bəraət verirlər. Dəhşət və faciə də bundadır.
- Bu gün Kollektiv Təhlükəsi Müqaviləsi Təşkilatının baş katibi postu rotasiyaya uyğun olaraq Ermənistana keçir. Bunu Azərbaycanı təhdid edəcək fakt hesab etmək olarmı?
- Əgər söhbət silahların satılmasından gedirsə, prezident Yelsinin zamanında, 1998-ci ildə Ermənistana küllü miqdarda silah satılmışdı. Bizdə də Dövlət Komissiyası yaradıldı və tələb olundu ki, bu məsələyə münasibət bildirilsin. O zaman Rusiya tərəfi belə çıxış etdi ki, onların Ermənistanla müqaviləsi var. Əlbəttə, mən hesab edirəm ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının konkret üzv dövlətləri var. Qarabağ isə bu təşkilatın üzvü deyil. Onlar toplaşıb iclas keçirə bilərlər. Lakin Dağlıq Qarabağ həmin təşkilatın üzvü olmadığından Azərbaycana qarşı təhdid də ola bilməz.
- “İsgəndər-M” raket komplekslərinin Ermənistana verilməsini necə dəyərləndirmək olar?
- Əvvəla müəyyən etmək lazımdır ki, bu silah Ermənistandakı Rusiya hərbi bazasına gətirilib, yoxsa ermənilərə verilib. Ermənistan son zamanlar bu məsələdə spekulyasiya edir. Guya ki, hərbi sahədə üstünlüklərini göstərmək istəyirlər. Ancaq nəzərə alın ki, Ermənistanı yerində oturtmaq üçün Azərbaycan ordusunda kifayət qədər müasir silahlar var. Digər tərəfdən, onlar silahlarını Azərbaycanın hansı ərazisinə yönəldibsə, Azərbaycanın buna cavab vermək üçün kifayət qədər silahları var. Bu mənada narahatçılığa əsas yoxdur. Bir daha vurğulayıram ki, “İsgəndər-M” raketlərinə görə, Ermənistanın sevinməsinə ehtiyac görmürəm. Çünki bu silahın onlara, yoxsa Ermənistandakı Rusiya hərbi bazasına verildiyi haqda məlumat yoxdur.
- Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu qeyd etdi ki, 5 rayonun Azərbaycana qaytarılması barədə danışıqlar gedir. Rusiya-Türkiyə yaxınlaşması Qarabağ probleminə pozitiv təsir göstərə bilərmi?
- Rusiya ilə Türkiyə arasında olan məlum hadisəyə qədər bu iki ölkənin münasibətləri yaxşı vəziyyətdə idi. Sonra insidentə görə, müvəqqəti problem yaşandı, hazırda bu dövlətlər arasında münasibətlər yaxşıdır. Biz bu münasibətlərin yaxşı olmasını alqışlayırıq. Konkret olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə, ilk növbədə həmsədr dövlətlər aktiv rol oynamalıdır. Təəssüflər olsun ki, biz bu fəallığı görmürük.
- 5 rayon məsələsi...
- Biz daima bəyan etmişik ki, problemin mərhələli yolla həllinin tərəfdarıyıq. İndi 5 rayon və ya 6 rayonun olacağını proses göstərəcək.
- Avropa Parlamenti-Azərbaycan münasibətlərini necə qiymətləndirmək olar?
- Avropa Parlamenti ilə bir il idi ki, münasibət yox idi və bu da onların günahı ucbatından baş vermişdi. Çünki onlar Azərbaycana qarşı ədalət normalarına sığmayan qətnamə qəbul etmişdi. Azərbaycan parlamenti də buna qarşılıq olaraq qətnamə qəbul etdi. Bundan sonra münasibətlərdə pauza əmələ gəldi. Onların səlahiyyətləri nümayəndələri Azərbaycana səfər etdi, prezidentlə görüşdülər, Milli Məclisdə oldular. Sonda da qərara alındı ki, münasibətlər bərpa olunsun. Mən bunun tərəfdarıyam. Avropa Parlamenti elə meydandır ki, biz burdan istifadə etməliyik, münasibətlər davam etməlidir. Amma Azərbaycana qarşı münasibət əvvəlki kimi olacaqsa, bu heç kimə xeyir gətirməyəcək. Azərbaycan bununla barışmayacaq. Bizimlə diktə dili ilə danışmaq lazım deyil. Biz normal və sivil əməkdaşlığın tərəfdarıyıq.
- “Türk axını” layihəsi faktiki olaraq imzalandı. Bu Azərbaycanın TANAP layihəsinə necə təsir göstərəcək?
- Azərbaycanın nəzərdə tutulan layihələr var. Siz dediyiniz müqavilənin bağlanması Azərbaycanın proyektlərinə mənfi təsir göstərmir.
- Siz həm də NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbərisiniz. Azərbaycan-NATO münasibətləri hansı vəziyyətdədir?
- Normal münasibətlər var. Biz noyabrda NATO Parlament Assambleyasının payız sessiyasına gedəcəyik. Tədbir İstanbulda olacaq. Həm Parlament Assambleyası çərçivəsində, həm də NATO çərçivəsində normal münasibətlər var.
- Belə iddialar var ki, referendumdan sonra parlament və prezident seçkiləri keçirilə bilər. Bu nə dərəcədə ciddi iddiadır?
- Mənim bu haqda məlumatım yoxdur.
NEMƏT