Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə deputatlar Gövhər Baxşəliyeva və Mirkazım Kazımov İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏT Pİ) İcraiyyə Komitəsinin 36-cı iclasında iştirak etmək üçün Ankaraya səfər edib.
Teleqraf.com xəbər verir ki, tədbirdə İƏT Pİ-nin Baş katibinin hesabatı dinləniləcək, qurumun qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi ilə bağlı atılacaq addımlar müzakirə olunacaq.
İclasda siyasi məsələlər və xarici əlaqələr; İqtisadi məsələlər və ətraf mühit; İnsan haqları, qadın və ailə məsələləri; Mədəni və hüquqi işlər, sivilizasiyalar və dinlərin dialoqu komitələrinin 5-ci yığıncaqlarının gündəlikləri tərtib olunacaq.
Eyni zamanda, Fələstin üzrə daimi komitənin yeddinci yığıncağının və Müsəlman Qadın Parlamentarların altıncı konfransının gündəlikləri qəbul ediləcək.
Tədbir iştirakçıları İƏT Parlament İttifaqı Baş komitəsinin 19-cu sessiyasında və qurumun Konfransının 12-ci sessiyasında baxılacaq məsələləri müəyyənləşdirəcəklər.
Yığıncağın sonunda Ankara Bəyannaməsi qəbul ediləcək.
Toplantıda parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov çıxış edəcək. O, Azərbaycanla İƏT Parlament İttifaqı arasında əməkdaşlığın inkişafı, bölgədə yaranmış son durum və digər aktual məsələlər barədə fikirlərini açıqlayacaq.
Cavad