24 Oktyabr 2016 19:39
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun həmsədrləri – Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Pyer Andryö (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ötən həftənin sonunda regiona səfər ediblər. Oktyabrın 23-də onlar Prezident İlham Əliyev tərəfindən qəbul olunublar. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra həmsədrlər və ATƏT-in hazrkı sədrinin xüsusi nümayəndəsi Ermənistana və Dağlıq Qarabağa səfər ediblər. Bəs, həmsədrlərin regiona son səfərindən hansı nəticələr gözləməyə dəyər?

“Atlas” Araşdırmalar Mərkəzi bununla bağlı hazırladığı analizində bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfərinin yalnız bir məqsədi var. Bu məqsəd Azərbaycan və Ermənistan prezidentlərini ilin sonuna qədər görüşdürməkdən ibarətdir. Analizdə bildirilir ki, belə bir görüş ilk növbədə həmsədrlərə və Ermənistan hakimiyyətinə lazımdır: “Həmsədrlərə ona görə lazımdır ki, ATƏT rəhbərliyi və öz nazirləri qarşısında vəziyyətin nəzarət altında olmasına dair hesabat versinlər. Yüksək maaş alan həmsədrlər ilin sonuna qədər hazırlayacağı hesabatı prezidentlərin görüşü ilə tamamlamaq istəyirlər. Ən pis halda isə iki ölkənin xarici işlər nazirlərini görüşdürəcəklər.

Ermənistan hakimiyyətinə isə görüş ona görə lazımdır ki, status-kvonu uzada bilsin. Belə baxanda aprel döyüşlərindən sonra Vyana və Sankt-Peterburqda keçirilən görüşlər də status-kvonun uzanmasına şərait yaratdı. Vyana və Sankt-Peterburqdakı görüşlər münaqişənin mərhələli həllini sürətləndirmək əvəzinə ATƏT-in cəbhə bölgəsində monitorinq çalışmalarını genişləndirmək fikri ilə yekunlaşdı. Bu çalışmalar Ermənistanın xeyrinədir ki, ATƏT cəbhə bölgəsindəki vəziyyəti daim nəzarətdə saxlasın. Bu cür monitorinq Azərbaycan ordusunun işğalçını daim təzyiq altında saxlamasına ziddir. Bunun nəticəsidir ki, apreldən bu yana ATƏT sədrinin bölgədəki xüsusi nümayəndəsi geniş monitorinqin aparılması üçün işçi heyətini genişləndirə bilmədi. Çünki bu bizə lazım deyil. Belə çıxır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və ATƏT atəşkəsi monitorinq etməklə bu işğalın uzanmasını təminat altına alır”.

“Atlas” Araşdırmalar Mərkəzi bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev imitasiya xarakterli görüşlərə ehtiyac olmadığını bir neçə dəfə vurğulayıb: “Bu isə o deməkdir ki, ilin sonuna qədər prezidentlərin görüşü sual altındadır. Minsk qrupu həmsədrləri işğal atındakı torpaqların boşaldılmasını əvvəlkitək Dağlıq Qarabağa veriləcək statusla əlaqələndirirlər. Bu haqda ABŞ-ın Minsk qrupundakı həmsədri Ceyms Uorlik bölgəyə səfər etmədən öncə açıq bəyan edib. Torpaqların boşaldılmasının Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə şərtləndirilməsi münaqişənin “paket həllidir” ki, rəsmi Bakı danışıqların getdiyi 20 ildən çox müddətdə bu prinsipdən dəfələrlə imtina edib”.

Analitik materialda bildirilir ki, həmsədrlər danışıqları sürətləndirmək üçün passiv mövqe nümayiş etdirsələr də, apreldəki döyüşlərin bir daha təkrarlanmaması üçün fəaldırlar: “Onların bölgəyə səfəri və prezidentəri görüşdürmək istəyi də məhz bu məqsədə xidmət edir. Ancaq bu Azərbaycanın məqsədinə tərs düşür. Danışıqlarda irəliləyiş yoxdursa, cəbhə bölgəsində atəşkəs intensiv pozulursa, işğal edilmiş ərazilərdə yenə hərbi təlimlər keçirilirsə, üstəlik Ermənistan hakimiyyəti həmsədrlərin Bakıda müzakirə apardığı dəqiqələrdə “torpaqların boşaldılmasından söhbət belə gedə bilməz” deyirsə, bu prosesə “yox” deməyin yolu işğalçıya təzyiqin artırılmasından keçir. Həmsədrlər danışıqların imitasiyası ilə sadəcə hərbi toqquşmanın tarixini bir müddət üçün ləngidə bilərlər, ancaq tam qarşısının alınması onların imkanı xaricindədir. Məşhur filmdə deyildiyi kimi “artıq düyməyə basılıb və mexanizm işə düşüb, bunun qarşısını kimsə ala bilməz”. İndi apreldə də düyməyə basılıb və mexanizm işə düşüb. Mexanizmin adı “torpaqların işğal azad edilməsidir”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər