Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi Natiq Cəfərli ilə Müsavat başqanı Arif Hacılının qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli arasında feysbuk qarşıdurması yaşanır.
Buna səbəb ötən gün Natiq Cəfərlinin yazdığı “Yeni müxalifətçilik konsepsiyası” adlı məqalə olub. Sözügedən məqalədə N. Cəfərli konkret qüvvə göstərməsə də, ənənəvi müxalifəti satirik tərzdə tənqid edib.
Bu məqaləyə isə Vaqif Hacıbəyli reaksiya verib. Teleqraf.com Hacıbəylinin reaksiyasını təqdim edir:
“REAL-çı Natiq Cəfərli müxalifəti 80-90-cı illərdə ilişib qalmaqda, “azadlıq” və digər ənənəvi şüarlarını “devalvasiyaya uğratmaqda” ittiham edərək, xalqa “vətəndaş millətçiliyi” və “dini kəsimin siyasiləşməsi” ilə bağlı yeni şüarlar təklif edib.
Amma bəzi mülahizələrdə REAL-çılara xas olan ənənəvi qərəzli yanaşmalar və yanlışlıqlar qalır və bununla əlaqədar bəzi məqamlara münasibət bildirməyi zəruri sayıram.
Birincisi şüarlarla bağlı. Hələ 1998-ci il prezident seçkisi ərəfəsi SİDSUH-un keçirdiyi onminlərlə adamların iştirak etdiyi mitinqlərdə qərar qəbul etmişdik ki, “azad seçki” şüarı SİDSUH-un mitinq və nümayişlərində əsas şüar olsun. Həmin qurumun icraçı direktoru kimi, əlimdə səsgüçləndirici ilə nümayişçilərə xitabən “azad seçki” şüarını səsləndirirdim, mənə yerdən əsasən “Qarabağ” sədaları ilə cavab verirdilər. Yəni, mitinqlərdəki o şüarları xalq özü müəyyənləşdirir, bunu yuxarıdan qərarla müəyyən etmək mümkün deyil. Ümid edirəm ki, nə vaxtsa, hörmətli REAL-çılar da İlqar Məmmədovun həbsdən azad edilməsi ilə əlaqədar cəmiyyətə çoxdan vəd etdikləri mitinqi təşkil edəndə “Azadlıq” şüarının hələ arxivə atılmasının mümkün olmadığına şahid olacaqlar.
İkincisi, etnik millətçilik haqda. Natiq Cəfərli yazıb ki, “bizdə müxalif kəsim hələ də “etnik millətçiliyin” elementlərindən istifadə etməyə çalışır”. Hansı müxalifət, harada, nə vaxt? İstifadə edib, nə edir? Əgər söhbət türkçülikdən gedirsə, ən böyük türkçülərdən olan Elçibəy hakimiyyətdə olduğu dövrdə milli azlıqlara mədəni muxtariyyət verən fərmanı imzalayan kişi deyilmi? Bu halda, “istifadə etməyə çalışıb” nə ediblər, bu müxalifətçilərə, mənə düzü aydın olmadı?
Guya etnik millətçiliyə alternativ kimi təklif olunan “vətəndaş millətçiliyi” isə hələ 90-cı illərin ortalarında Azərbaycanda dövlət millətçiliyi adı altında çox geniş təbliğ edilib. Bunun adı vətəndaş millətçiliyi də olsa, patriotizm də olsa, dövlət millətçiliyi də olsa, mahiyyət eynidir. Bu gün Azərbaycanda da, Rusiyasında da açıq bəyan olunmasa da əsas ideoloji cərəyan elə patriotizmdi. Vaxtilə “yaramazların son dayağı” kimi qələmə verilən patriotizm indi REAL-çılar üçün niyə belə cəlbedici olub?.
Üçüncüsü, dini camiənin siyasiləşməsi təklifi barədə. Dinin siyasi istismarı həqiqətən çox ciddi problemdi. Bu problem hər yerdə, xüsusən də müsəlman aləmində mövcuddur. Bizdə də bəzi müxalif dairələrin bu istiqamətə meylləndiyi açıq hiss olunmaqdadır. “Dini camiyə sözün yaxşı mənasında, siyasiləşməlidir və bundan qorxmaq lazım deyil” tezisi tamamilə yanlış və təhlükəli tezisdir. Dini camiədəkilərin mütləq əksəriyyəti əlbəttə ki, şəriət dövlətinin qurulmasını istəyəcəklər, onlar heç vaxt bir toplum olaraq respublika quruluşunu istəməyəcəklər və həmin idealların reallaşmasına səy göstərməyəcəklər. Buna tam əmin ola bilərsiniz. Bu mənada həmin kəsimlə “oynamaq” sivil dəyərləri tərənnüm edən heç bir siyasi qüvvəyə fayda verməz. Ona görə də ən düzgün siyasi mövqe dinin siyasi istismarından imtina etməkdir”.
Yeri gəlmişkən, Müsavat Partiyasının Qadınlar Təşkilatının sədri Ayla Yaqublu da, bu məqaləsinə görə, Natiq Cəfərliyə konkret suallar ünvanlayıb.
Natiq Cəfərli isə REAL-ın elan etdiyi mitinqə tənqidi yanaşdığına görə Vaqif Hacıbəyliyə irad tutub: “O ki qaldi çürümüş “REAL mitinq efə bilmir” tezisinə, Vaqif Hacıbəyli, 20 ildir mitinqi MƏQSƏD elan etmisiniz, mitinq normalda vasitədir. On vasitədən biri, 9-nu edib, birini etməmək isə ayıb deyil”.
NEMƏT