1 Noyabr 2016 18:02
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 1-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunun nümayəndələri ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, rusiyalı qonaqlar belə tədbirlərin ölkələrimiz arasında mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişafına əminlik yaratdığını vurğulayıblar.

Forumun gedişi barədə Azərbaycanın Baş nazirinə məlumat verən qonaqlar bildiriblər ki, tədbirin rəsmi açılışından sonra sənaye, turizm, aqrar, humanitar bölmələr üzrə “dəyirmi masa”larda davam edən müzakirələr zamanı konkret istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri nəzərdən keçirilib. Hər iki ölkə rəsmilərinin iştirak etdikləri tədbirə, həmçinin müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların da qatılmasını səmərəli təcrübə adlandıran qonaqlar tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür ediblər.

Azərbaycan iqtisadiyyatının uğurları, qlobal enerji və nəqliyyat layihələri, qeyri-neft sektorunda və sosial sferada aparılan işlər barədə qonaqlara məlumat verən Baş nazir Artur Rasizadə xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Baş nazir vurğulayıb ki, bütün səylərə baxmayaraq işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hələ də həllini tapmamış problemin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə alternativ yoxdur.

Baş nazir bildirib ki, əvvəlki illərdə keçirilən forumlar kimi, bu Forum da Azərbaycan-Rusiya iqtisadi-humanitar əlaqələrinin inkişafını stimullaşdıracaq.


Müəllif:

Oxşar xəbərlər