Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev noyabrın 17-də Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edib.
Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyevin qısa giriş nitqindən sonra dialoq formasında davam edən görüşdə Bəhreynin BNA agentliyinin baş direktoru Muhannad Sulaiman Mohsen Alnoaimi deyib:
– Mən Bakı haqqında uzun illər bundan qabaq xəbərlərdə eşitmişəm. Bura gəlməzdən öncə fərqli təəssüratlarım vardı. Lakin burada olduğum üç-dörd gün ərzində həmkarlarıma da dediyim kimi, şoka düşdüm. Şəhər çox müasir və gözəldir. Siz böyük işlər görürsünüz, viza rejiminin sadələşdirilməsi çox yaxşı haldır. Biz çox şadıq ki, bizim hökumətimizin, bizim kralımızın zati-alilərinizlə çox gözəl münasibətləri var.
Prezident İlham Əliyev deyib:
– Sağ olun, xoş sözlərinizə görə təşəkkür edirəm. Qeyd etdiyiniz kimi, körfəz ölkələri üçün viza rejiminin sadələşdirilməsindən sonra körfəz ölkələrindən olan turistlərin sayı 10 dəfə, bəlkə də 20 dəfə artıb. Xüsusilə yay vaxtı burada, küçələrdə çox sayda qardaşımız var idi. Ümumiyyətlə, biz yeni viza rejimi təqdim edirik. Bir neçə gün ərzində elektron viza alıb Bakıya gəlmək çox asandır. Təhlükəsizlik, yaxşı iqlim, qonaqpərvər insanlar, yaxşı otellər, infrastruktur, yaxşı mətbəx və siz özünüzü evinizdəki kimi hiss edirsiniz. Bu, çoxlu tarixi abidələri olan, rahatlıq verən şəhərdir. Siz qeyd etdiniz ki, rayonlardan birində səfərdə olmusunuz. Biz regionların inkişafına xüsusi diqqət yetiririk. Bakının da rayonları sürətlə inkişaf edir, sosial infrastruktur, avtomagistrallar, 6 beynəlxalq hava limanı və otellər var. Nisbətən kiçik ərazisi olan Azərbaycanda 9 iqlim qurşağı mövcuddur. İki-üç saatın ərzində maşınla subtropik əraziyə, Alp dağlarına bənzər yerlərə, yarımsəhraya, Xəzərin sahilinə, xizək kurortuna gedə bilərsiniz. Azərbaycan həqiqətən də daha çox tanınmaq istəyən ölkədir və düşünürəm ki, ən yaxşı vasitə sizin Konqresdir. Biz müxtəlif təqdimatlar zamanı Azərbaycan haqqında çox danışa bilərik. Lakin siz buradasınız, görürsünüz, hiss edirsiniz və siz bir gün deyil, bir neçə gündür buradasınız. Yəqin ki, sizin insanlarla görüşmək, onlardan Azərbaycanda və dünyada baş verənlər barədə nə düşündüklərini soruşmaq imkanınız olub. Mən bilirəm ki, ilk dəfə gələnlərin çoxu bir də gəlmək istəyir.
Səxavət