Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzovun ağır xəstəliyə yoluxması barədə açılan müzakirələrə sabiq deputat Sabir Rüstəmxanlı sərt reaksiya verib.
Teleqraf.com xəbər verir ki, Sabir Rüstəmxanlı son günlər Siyavuş Novruzovun xəstəliyi ilə bağlı aparılan müzakirələrdən heyrətləndiyini deyib: “Biz niyə bu qədər daş ürəkli, mərhəmətsiz olmuşuq? Niyə içimiz kinlə, nifrətlə dolur, sevgi hissimiz itir, ictimai əxlaqımız pozulur, hər şeyi siyasi müstəvidə görürük? Yerlibazlıq, insanlara haralı olması meyarı ilə baxmaq ibtidai təfəkkürün nəticəsidir və milləti geri çəkən məsəlidir, bizə yaraşmaz. Hansı cəbhədə olmasından, kimliyindən asılı olmayaraq, insanın xəstəliyinə sevinmək və bunu müzakirəyə çıxarmaq insanlıq deyil və Allaha xoş getməz. Bəzən xəstəliyi həkimlər də öz xəstəsindən gizlədir. Hər kəsin çevrəsi, yaxınları, ailəsi, uşağı var. Bu müzakirələrin onlara necə təsir edəcəyini düşünməmək vəhşilikdir. Siyasi opponentlik və ya tənqid üçün şəxsin xəstələnməsini gözləməzlər! Hər kəsin imkanı var, sağlam vaxtında iradını da, bəyənmədiyini də yaza, ona qarşı mübarizə də apara bilər. Ancaq adam xəstələnəndən sonra buna sevinmək yaxşı iş deyil. Allah bütün xəstələrimizə şəfa versin!”
O, Siyavuş Novruzovun doğrudan da xəstəliyinin olub-olmadığı barədə məlumatı olmadığını bildirib: “Onun xəstəliyi barədə heç nə bilmirəm. Kaş yalan olsun! Biz Siyavuşla ayrı siyasi cəbhələrin adamlarıyıq. Milli Məclisdə həmişə fərqli mövqedən danışmışıq. Lakin ondan heç zaman sayğısızlıq görməmişəm. Mən də onun çıxışlarına təəccüblənməmişəm. Çünki o, bir siyasi partiyanın funksioneridir və öz vəzifəsini öz partiyadaşlarından daha ardıcıl, açıq, imkanı daxilində, sədaqətlə yerinə yetirir. Siyasətdən və parlamentdən kənar Siyavuş Novruzov xeyirxah, dostluqda etibarlı, həyatın çəkinliklərindən keçib gəlmiş adamdır. Çox mütaliə edir, yaxşı ədəbiyyat həvəskarıdır. Mövqeyini açıq deyən, öz böyüklərinə və tutduğu yola bağlı olan adamdan ziyan gəlməz. Üzdə bir cür, arxada başqa cür olan adamlardan qorunmaq lazımdır. Nifrət hədəfi Siyavuş Novruzov kimi mövqeyini bəyənmədiyimiz, lakin öz mövqeyində sabitqədəm, milli təfəkkürü yerində olan adamlar yox, Araz Əlizadə kimi bütün mahiyyəti xəyanətdən ibarət olan türk düşmənləri olmalıdır. Rəqiblə mübarizə apararkən öz gücünə arxalanmalısan. Kişi düşməninə də qəfil xəstəlik arzulamaz. Siyavuş köhnə idmançıdır, inşəallah, xəstəliyi adladar və bu arzuolunmaz mübahisələr də ona bir görk olar. Kişi rəqibiylə mübarizəsində də öz gücünə güvənər, namərd xəstəliyin yardımına yox!”
Qeyd edək ki, mətbuatda Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun xəstə olması ilə bağlı xəbərlər yayılıb. Siyavuş Novruzov özü isə səhhətində heç bir problem olmadığını bildirib: “Allaha şükürlər olsun ki, səhhətim qaydasındadır, gümraham. İnsan arıqlayar da, kökələr də! Buna görə hər hansı nəticə çıxartmaq ağılsızlıqdır. Mən bu cür xəbərləri yalan və cəfəngiyyat hesab edirəm”.
Kəmalə