17 Fevral 2017 14:01
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com geosiyasi məsələlər, NATO-nun son Brüssel sammiti, ABŞ və Rusiya baş qərargah rəislərinin Bakı görüşü, ABŞ-İran münasibətləri və digər məsələlərlə əlaqədar Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbərlə müsahibəni təqdim edir.

- Sülhəddin bəy, ABŞ və Rusiya baş qərargah rəislərinin Bakı görüşünü necə şərh edərdiniz?
- Əvvəla nəzərə alaq ki, bu görüş keçirilməzdən əvvəl onun haqqında məlumat yox idi və ya çox kiçik informasiyalar verilirdi. Mən Rusiya tərəfindən verilən çox kiçik informasiyaya rast gəldim. Bildirim ki, Rusiya Krımı işğal etdikdən sonra ABŞ-Rusiya hərbi əməkdaşlığı dayandırılıb. Görüşdə söhbət əməkdaşlığın hansı şərtlər altında bərpa oluna biləcəyindən gedə bilər. İkincisi, Suriyada ABŞ-ın yaratdığı koalisiyanın və Rusiyanın Bəşər Əsəd rejimi ilə birlikdə apardığı əməliyyatlar var. Bu zaman tərəflərin təyyarələri arasında zaman-zaman insidentlər yaranır. Fikrimcə, bu xoşagəlməz insidentlərin aradan qaldırılması üçün operativ texniki tədbirlərin görülməsi, uçuşların koordinasiyası haqda məsələ müzakirə olunub. Təbii ki, tərəfləri maraqlandıran digər məsələlər də müzakirə edilib. Rusiya Müdafiə Nazirliyi açıqlamışdı ki, onlar ABŞ-ın yeni administrasiyasının mövqeyinin aydınlaşdırılmasını istəyəcək. Çünki ABŞ-ın müdafiə naziri Jim Mattis elan etmişdi ki, Rusiya ilə dialoqun tərəfdarıdır, amma Rusiya ilə danışıqlarda güc mövqeyini əsas götürəcək. Məlum görüşdən sonra Mattisin başqa bir açıqlaması oldu ki, hələlik ABŞ və Rusiya arasında hərbi əməkdaşlığın bərpası üçün şərait yetişməyib. Görünür, ilkin danışıqlarda da hər hansı bir razılaşma əldə edilməyib. Nəhayət, nəzərə almaq lazımdır ki, qərargah rəisləri siyasətçi deyil və siyasi məsələləri həll edə bilməzlər. Qərargah rəisləri ancaq operativ səviyyədə olan məsələləri həll edə bilər. Mənə elə gəlir ki, görüşdə əsas müzakirə edilən məsələ sürtüşmə bölgələrində baş verə bilən insidentlərin qarşısını almaq olub. Çünki zaman-zaman həm Rusiya, həm də ABŞ arasında belə insidentlər olur. Bu həm dənizdə, həm quruda, həm də hava məkanında olur. Söhbət ancaq Suriyadan getmir. NATO-Rusiya sərhəddində də belə hallar baş verir.

- Görüş niyə Bakıda keçirilib, bu Azərbaycanın əhəmiyyətindən, tərəflərin ölkəmizə olan etimadından irəli gəlmirmi?
- Mənə elə gəlir ki, New York Times qəzetinin versiyası həqiqətə daha yaxındır. Bu qəzet ad çəkməsə də, Ağ Evin rəsmlərinə istinadən yazıb ki, ABŞ bu görüşün Qərbi Avropada, Moskva isə görüşün Rusiya və ya Belarusda keçirilməsi təşəbbüsü ilə çıxış edib. Sonucda tərəflər Azərbaycan üzərində anlaşıblar. Çünki Azərbaycan Avropa məkanında yeganə neytral ölkədir. Mənə elə gəlir ki, görüşün Bakıda keçirilməsinin səbəbi Azərbaycanın neytrallığı və coğrafi yaxınlığı olub. General Cozef Danford Bakıdan Türkiyəyə getdi. Yəni Bakı təkcə neytral deyil, həm də coğrafi baxımdan hər iki tərəf üçün əlverişli məkan rolunu oynaya bilir. Avropada yeganə tərəf seçməyən ölkə Azərbaycandır. Digərləri ya NATO-nun, ya da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.

- Qeyd etmişdiniz ki, NATO-Rusiya münasibətlərinin gələcək perspektivi həm də Brüsseldə keçiriləcək NATO-nun müdafiə nazirlərinin sammitindən sonra məlum olacaq. Artıq NATO-nun Brüssel sammiti başa çatıb, gələcək münasibətlər necə olacaq?
- Sammiti müsbət qiymətləndirirəm. Tramp hakimiyyətə gəldikdən sonra belə fikir formalaşmışdı ki, hansı problemin olmasından asılı olmayaraq, Rusiya ilə münasibətlər normallaşacaq. Ona görə də, Rusiya ilə problemi olan, Rusiyanın müdaxiləsindən çəkinən ölkələr ciddi narahatlıq keçirirdi. O cümlədən də Avropa Birliyi və NATO. Məncə, NATO sammiti bu narahatlıqlara son qoydu.

Birincisi, ABŞ müdafiə naziri həmin toplantıda rəsmən bəyan etdi ki, təmsil etdiyi dövlət NATO qarşısında üzərinə götürdüyü öhdəliklərə sadiq qalacaq.

Fikrimcə, NATO müdafiə nazirlərinin sammitində qəbul edilən qərarlar da mühümdür. ABŞ-ın əsas tələbi onunla bağlıdır ki, NATO üzvləri öz üzərinə öhdəlik götürüblər, azı ümumİ daxili məhsulun 2 %-i qədər müdafiə xərclərini artırmalıdırlar. Məncə, bu da haqlı tələbdir. Çünki NATO-nun maliyyəsinin 70-75 %-ni Amerika ödəməli olur. Cəmi 5 dövlət ümumdaxili məhsulun 2 %-i həcmində maliyyəni müdafiə xərclərinə yönəldir. Bunlar ABŞ, Böyük Britaniya, Yunanıstan, Estoniya və Polşadır. Digər NATO dövlətləri bu öhdəliyə əməl etmir.

Hər dəfə qeyd edirəm ki, Qara dəniz məsələsini ciddi izləmək lazımdır. Bu istiqamətdə də sammitdə iki mühüm qərar qəbul edildi. Birincisi, NATO Qara dənizdə hərbi varlığını artırmaq haqda qərar verdi. Bundan sonra daha intensiv təlimlər keçiriləcək, regionda gedən prosesləri öyrənmək üçün daha çox kəşfiyyat məlumatları toplanacaq. Başqa sözlə, hərbi təlimlər və kəşfiyyat sahəsində biz NATO-nun aktivliyini müşahidə edəcəyik. İkinci qərar isə NATO-nun Qara dənizdə yalnız dəniz hissədə deyil, quruda da güclənməsi ilə bağlıdır. Ruminiyada çoxmillətli briqadanın yaradılması haqda qərar verildi. Bu da hərbi alyansın güclənməsinə istiqamətlənən qərardır. Dənizlə bağlı ikinci qərar ondan ibarətdir ki, NATO-nun Qara dənizdəki daimi hərbi dəniz qrupuna NATO ölkələri ilə NATO-ya üzv olmayan tərəfdaşlar arasında fəaliyyətin koordinasiyası səlahiyyəti verildi. Deməli, bundan belə anlaşılır ki, Qara dənizdə NATO-nun fəaliyyət göstərən hərbi qrupu var. Bu da Rusiyanı qıcıqlandırdı. Məhz bu səbəbdən Federal Təhqiqatlar Xidmətinin kollegiyasında çıxış edən prezident Putin açıq dedi ki, NATO bizi təxribata çəkir ki, Rusiya toqquşmaya cəlb edilsin. Görünən odur ki, NATO Qara dənizdə strategiyasından geri çəkilmək niyyətində deyil. Üstəlik bura ABŞ-ın Gürcüstanla bağlı bir qərarını da əlavə edə bilərik. ABŞ Gürcüstanda hərbi döyüş hazırlığı mərkəzi tikmək haqda qərar da verib. Belə baza yalnız Almaniyada var. Bu yaxınlarda ABŞ generallarının Gürcüstana səfər edərək tikiləcək bazanın yerini müəyyən edəcəkləri gözlənilir. Ruminiyada NATO-nun çoxmillətli briqadasının yaradılması, Gürcüstanda ABŞ-ın hərbi döyüş hazırlığı mərkəzi yaratması, habelə Qara dənizlə bağlı iki qərar NATO strategiyasında ciddi irəliləyişdir. Bu istər-istəməz NATO-Rusiya, Rusiya-ABŞ münasibətlərini gərginləşdirəcək. Sözsüz ki, bu bizim regiona da təsir edəcək.

- Son zamanlar İrana münasibət dəyişir. Bir çoxları ABŞ-ın müttəfiqləri ilə birlikdə İrana qarşı hərbi addımlara başlayacağını elan edir. Siz müharibə variantını nə dərəcədə real hesab edirsiniz?
- İrana qarşı hərbi fazanın olacağını heç kim deyə bilməz. Hətta prezident Tramp da bu suala cavab verməyə hazır deyil. İndi böyük ehtimalla onu deyə bilərik ki, Tramp komandasının gündəmində əsas məsələlərdən biri İran olacaq. ABŞ-İran münasibətləri kəskinləşəcək. Lakin bunun birmənalı olaraq hərbi sferada hansı səviyyəyə gəlib çıxacağını söyləmək çox çətindir.

Nemət


Müəllif:

Oxşar xəbərlər