20 Fevral 2017 16:47
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 17-dən 19-dək Münhendə sayca 53-cü təhlükəsizlik konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, budəfəki konfransda 25-dən artıq dövlət başçısı, 80-dən artıq ölkənin xarici işlər və müdafiə nazirləri iştirak edib. Konfransa ABŞ-ın vitse-prezidenti başda olmaqla yeni administrasiyasının geniş nümayəndə heyəti də qatılıb.

Ümumilikdə, dünyanın müxtəlif regionlarını təmsil edən 500-dən artıq şəxs Münxendə bir araya gələrək cari beynəlxalq təhlükəsizlik problemlərini və siyasətini müzakirə ediblər.

Bəs, Münhen Təhlükəsizlik Konfransının dünya siyasətində yeri və rolu nədən ibarətdir? Konfransın dünyada sülh və təhlükəsizliyə hansı töhfəsi var?

Bu istiqamətdə suallarımızı cavablandıran politoloq Elxan Mehdiyev qeyd edib ki, sadəcə olaraq, bu konfransın səviyyəsi yüksəkdir: “Son dövrlərdə onun səviyyəsi daha da artan istiqamətdə gedir. Bu da onun işində daha çox müdafiə və xarici işlər nazirlərinin iştirak etməsi ilə bağlıdır. Bəzən bir sıra ölkələrin dövlət başçıları da konfransa qatılırlar. Əsasən, Avropada təhlükəsizliklə bağlı məsələlər Münhendə konfrans səviyyəsində müzakirə olunur. Dövlət başçıları, məsələn Vladimir Putin 2007-ci ildə konfransda çıxış etdi və Rusiyanın təhlükəsizlik qayğılarını və baxışlarını ifadə etdi. Amerikanın müdafiə naziri vaxtaşırı olaraq çıxış edir. Yaxud, bu il ABŞ-ın vitse-prezidenti çıxış edib. Bu, iştirakçı ölkələrin siyasətlərini, əsasən də, təhlükəsizlik siyasətlərini ifadə edən bir forumdur. Münhen Təhlükəsizlik Konfransı artıq yüksək səviyyəli bir konfransa çevrilib. Çünki ondan sonra Bratislava, Belqrad təhlükəsizlik konfransları, son iki ildə isə İstanbul təhlükəsizlik konfransı keçirilir. İştirakçıların və rəsmilərin səviyyəsindən asılı olaraq, onun da önəmi dəyişir”.

E.Mehdiyev bildirib ki, indiki dövrdə, Donald Tramp hakimiyyətə gələndən sonra Avropa və dünyada Amerikanın NATO-ya münasibətinin dəyişkən olacağını, yaxud ona fikir verməyəcəyini daha çox müzakirə edirdilər: "Artıq NATO dairələrində də bu məsələ müzakirə olunurdu. Amma artıq Amerikanın vitse-prezidenti Münhenə gələrək çıxış etdi. O bildirdi ki, biz birmənalı olaraq NATO-nu dəstəkləyirik və onun arxasındayıq. Bununla da Mayk Pens ABŞ-ın yeni administrasiyasının NATO-ya dair siyasətini ifadə etdi. Yaxud, Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış etdi. O, Rusiyanın indiki dövrdə NATO-nun apardığı siyasətlə bağlı öz qayğılarını ifadə etdi. Yəni, təkcə rəsmilərin deyil, təbiət etibarilə həm rəsmilərin, həm qeyri-rəsmilərin, alimlərin, ekspertlərin, qeyri-hökumət təşkilatlarının toplandığı bir müzakirə meydanıdır. Münhen Təhlükəsizlik Konfransının rəsmi konfransdan əsas fərqi bundan ibarətdir. Bu baxımdan konfransın təbiəti də fərqlidir”.

Politoloq konfransda sadəcə müzakirələr aparıldığını, heç bir nəticə əldə edilmədiyini də vurğulayıb: “Orda hərə öz dövlətinin, yaxud ittifaqının fikirlərini ifadə edir”.

E.Mehdiyev qeyd edib ki, budəfəki konfransın daha çox diqqət çəkən məqamı ABŞ vitse-prezidentinin Münhenə gələrək konfransda iştirak etməsi olub: “O, ABŞ-ın NATO-ya birmənalı dəstəyinin davam edəcəyini bildirdi. Konfransda səslənən və Avropanı, NATO ölkələrini arxayınlaşdıran bəyanat ancaq bundan ibarətdir”.

Səxavət HƏMİD


Müəllif: