Aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkilərinə 5 partiya və 4 seçki bloku qatılacaq. Proporsional sistem üzrə deputatlığa namizədlərin siyahısını hakim “Respublikaçılar” partiyası, “Daşnaksütyun” erməni inqilabi federasiyası, “Azad demokratlar”, “Erməni dirçəlişi” və Ermənistan Kommunist partiyaları təqdim edib. Bloklardan isə “Çıxış” (təsisçi – “İşıqlı Ermənistan” partiyasının rəhbəri Edmon Marukyan), “Çarukyan” (“Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Çarukyan), “Оhаnyan-Raffi-Oskanyan” (keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş xarici işlər naziri Vardan Oskanyan və “İrs” Partiyasının lideri Raffi Ovanisyan) və “Erməni Milli Konqresi” - Ermənistan Xalq Partiyası (rəhbəri keçmiş prezident Levon Ter-Petrosyan) blokları deputatlığa namizəd irəli sürüb.
Konstitusiyaya dəyişikliklərə görə, parlamentdə ən azı 101 deputat təmsil olunacaq. Seçkilərdə iştirak etmək istəyən partiya və blokların qeydə alınması prosesi üçün ayrılan vaxt bu gün başa çatır. Qeydiyyat bitəndən sonra martın 5-də partiya və blokların seçki kampaniyası başlanacaq. 2015-ci ildə Ermənistan Konstitusiyasına edilən dəyişikliklərdən sonra Ermənistan yarımprezident idarəçiliyindən parlamentli siyasi sistemə keçib. Dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri azaldılıb, baş nazir və parlamentin səlahiyyətləri isə artırılıb. Parlament seçkisi Konstitusiyaya dəyişikliklərdən sonra keçirilən ilk seçki olacaq.
Bakı Dövlət Universitetinin Erməni araşdırmaları elmi-tədqiqat laboratoriyasının baş müəllimi, ermənişünas İsmayıl Tanrıverdi Ermənistandakı seçkiöncəsi vəziyyəti Teleqraf.com-a şərh edib.
“Ermənilərin ümidi Çarukyan blokunadır”
Onun sözlərinə görə, xalqın əsas ümidi “Çarukyan” blokunadır: “Gagik Çarukyan özü insanlara çox köməklik edib, təqaüdçülərə şirkətindən vəsaitlər ayırır, çoxlu kilsələr tikdirir. Bu səbəbdən xalq onu hakimiyyətə dəvət edir. Ötən il Sərkisyan onu “vursa” da, yenidən partiya rəhbərliyinə qayıtdı və çalışır ki, rəhbərlik etdiyi partiya daha çox mandat qazansın. Bununla da 2018-ci ildə prezidentliyə namizəd olmağa iddialıdır. Çünki öncəki seçkilərdə Sarkisyan hədə-qorxu gələrək, Çarukyanı seçkidən çəkinməyə vadar etmişdi”.
“Оhаnyan-Raffi-Oskanyan” blokunu Koçaryan maliyyələşdirir”
İsmayıl Tanrıverdi əlavə edib ki, hakim Respublikaçılar partiyası seçkiyə təkbaşına getdiyini açıqlasa da, gizli yolla başqa partiyaları cəlb etməklə nüfuzlu olduğunu sübut etmək niyyətindədir: “Bundan başqa “Azad demokratlar” “Azadlıq” partiyası ilə blok təşkil etməsə də, qeyri-rəsmi surətdə seçkidə birlikdə çıxış edəcəklər. “Оhаnyan-Raffi-Oskanyan” blokunu isə Robert Koçaryan maliyyələşdirir. Amma o, bu blokun çox səs toplamayacağını bilir. Koçaryan hesab edir ki, blok sadəcə 7 faizlik baryeri keçə biləcək. Koçaryan başqa bloku maliyyələşdirsə də, əsas ümid yeri “Çarukyan” blokudur. Həmçinin o, Karen Karapetyanı ələ alıb Sərkisyanla arasını vurmağa çalışır”.
“Müxalifət seçkinin saxta keçməməsinə çalışır”
Ermənişünas qeyd edib ki, müxalifət iqtidarın seçkidə saxtakarlığının qarşısını almaq üçün kampaniyaya başlayıb: “Çıxış” bloku bildiribki, Sərkisyan seçkidə rüşvətdən istifadə edəcək. Əldə edilən məlumata görə, İrəvan şəhər 38 nömrəli uşaq bağçasının müdirəsinin həyat yoldaşı Sərkisyanın yanında yüksək vəzifədə işləyir və qadın 120 nəfərə tapşırıq verib ki, necə olur-olsun, insanları Respublikaçılar partiyasına səs verməyə çağırmalıdırlar. “Çıxış” bloku xalqa belə şüarla xitab edib: “Pul alıb 5-10 gün firavan yaşamaqdansa, rüşvət almayıb 5 il firavan yaşamaq istəyirsinizsə, bizə səs verin”. İrəvan meri Taron Marqaryan açıq şəkildə bəyan edib ki, imkansız ailələrə 5 min dramdan 50 min dramadək yardım edəcəklər, bu məbləğ də təxminən 100 dollardan artıq pul edir. Müharibədə iştirak edən, imkansız ailələrə, böyük vətən müharibəsinin veteranlara rəsmi pul təklif edilib. Media isə bu pulun qanunsuz olaraq dövlət büdcəsindən verildiyini üzə çıxarıb. Bu fakt seçkinin saxtalaşdırmağın başqa yolu kimi qiymətləndirilir. Müxalifət budəfəki seçkilərin əvvvəlkilərtək saxta keçməməsinə çalışır”.
“Ohanyanın siyasi şansları azdır”
İ.Tanrıverdinin fikrincə, “İrs” Partiyasının lideri Raffi Ovanisyan amerika ermənisidir deyə başqa heç kəsin fikri ilə razılaşmır və onun hərəkətləri İrəvan ermənilərinin xoşuna gəlmir: “Sabiq müdafiə naziri Seyran Ohanyana gəlincə, onun siyasi şansları azdır. Bir neçə obyektində yoxlamalar gedir, sahibi olduğu obyektləri rüşvət yolu ilə əldə etdiyinə görə ona qarşı cinayət işi başlana bilər. İrəvanın mərkəzindəki istirahət mərkəzləri, kazinolar özünün və həyat yoldaşının adınadır. Təhlükəsizlik Şurasının iclasında da Sərkisyan bir neçə gün öncə Ohanyanı kəskin tənqid edərək siyasətdən uzaqlaşmasını təklif etmişdi. Ohanyan isə sonadək gedəcəyini açıqlayıb”.
Son zamanlar Ohanyanın həyat yoldaşı Ruzanna Xaçatryan siyasi cəhətdən fəallaşmasını ermənişünas belə şərh edib: “Ruzanna Xaçatryanın cəmiyyətdə heç bir nüfuzu yoxdur, Ohanyanın siyasi karyerasına hər hansı kömək edə bilməz. Ruzanna saxta “professor” adı alıb və vaxtilə mediada barəsində xoş sözlər yazılmayıb, açıq-saçıq fotolarına görə sərt tənqidlərə məruz qalıb”.
“Rusiya bilir ki, Sərkisyandan başqası hakimiyyətə gəlsə...”
İsmayıl Tanrıverdi prezident Serj Sərkisyanın çıxılmaz vəziyyətdə qaldığını söyləyib: “Amerikalı politoloq Geraqosyan bu yaxınlarda dedi ki, Rusiya 2018-ci ildə Sarkisyanın yenidən prezident seçilməsinə nail olmaq üçün yenə Ermənistanı sıxışdırır, bu dövlətin kölə qalmasına çalışır. Rusiya bilir ki, Sarkisyandan başqası hakimiyyətə gəlsə, Qafqazda dayaqlarını itirə bilər. Sərkisyan iqtisadiyyatın çökdüyündən xəbərdardır, gizlənməyə yer axtarır. Rüşvət yolu ilə ona çalışır ki, heç olmazsa, Respublikaçılar partiyasından hakimiyyətdə kimsə təmsil olunsun. Hər gün əvvəlkitək yığıncaqlar keçirib vədlər verir, qondarma Dağlıq Qarabağ respublikasındakı “referendum”u özünə dayaq üçün təşkil etmişdi ki, Bako Saakyan gələcəkdə onu müdafiə eləsin. Ermənilərsə, istər media, istərsə də sosial şəbəkələrdə Sərkisyanın nüfuzunun sıfıra endiyini bəyan edir”.
Nərgiz