31 Mart 2017 18:43
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanda seçki kampaniyası demokratik getmir. Mitinqlər keçirilir, amma seçki bloklarından hansıların parlamentə düşəcəyi, kimlərin daha çox yer tutacağı barədə fikir yürütmək çox çətindir. Təbii ki, ilkin olaraq Serj Sərkisyanın rəhbərlik etdiyi Respublika Partiyası ilə Qaqik Sarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” və bu partiyanın ətrafında formalaşan “Sarukyan” bloku öndə gedir. Ermənistan mətbuatındakı yazıları oxuduqda bu nəticəyə gəlmək olur”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elxan Mehdiyev deyib.

Qüvvələr nisbəti ilə bağlı sualımızı cavablandıran E.Mehdiyev bildirib ki, erməni şərhçiləri “Sarukyan” blokunun üstünlük qazanacağını proqnozlaşdırırlar, amma Ermənistanda hakimiyyət S.Sərkisyanın partiyasına məxsusdur və güc strukturları prezidentin əlində cəmləşib: “Onların yerlərdə saxtalaşdırma aparmasına böyük bir müqavimət olacağı bir qədər şübhəlidir. Yerli hakimiyyət və güc strukturları istəyəcəklər ki, Serj Sərkisyan seçkidə üstünlük qazansın. Amma xalqın içində narazılıq o dərəcədədir ki, bu, əks-effekt də verə bilər”.

Bəs, saxtalaşdırma olmasa, S.Sərkisyanın partiyası qələbə çala bilərmi? E.Mehdiyev deyir, təbii ki, yox. O qeyd edib ki, bütün namizədlərin çıxışlarında immiqrasiyanın, işsizliyin, Azərbaycan və Türkiyə ilə münasibətlərin pis olmasının Ermənistan üçün yaratdığı çətinliklər məsələlərinə toxunulur: “Bütün namizədlər bu problemləri Serj Sərkisyan-Robert Köçəryan duetinin yaratdığını və bu çətinliklərin indiyədək davam etdiyini bildirirlər. Proseslər bu istiqamətdə gedir”.

Qeyd edək ki, seçkinin nəticələrinə əsasən, Ermənistan parlamentli respublikaya çevriləcək və 2018-ci ildə dövlət başçısı kimi səlahiyyət müddəti başa çatan S.Sərkisyanın baş nazir olacağı gözlənilir.

Müsahibimiz də bildirib ki, əlbəttə, S.Sərkisanın arzusu budur: “Sərkisyan istəyir ki, parlament seçkisində qalib gəlsin, prezident kimi səlahiyyət müddətini başa vurduqdan sonra yeni funksiyada rol oynasın”.

Onu da bildirək ki, bu seçkidə S.Sərkisyanın kifayət qədər ciddi rəqibləri var. Keçmiş prezident Levon Ter-Petrosyan, keçmiş baş nazir Ovik Abramyan, keçmiş xarici işlər nazirləri Raffi Ovannisyan, Vardan Oskanyan, keçmiş müdafiə naziri Seyran Ohanyan seçkidə S.Sərkisyanın əsas rəqibləri qismində çıxış edirlər. Keçmiş prezident Robert Köçəryan isə əsas biznes tərəfdaşı Q.Sarukyana dolayı dəstək verir. Bu şəxslər, şübhəsiz ki, Ermənistan cəmiyyətinin yaxşı tanıdığı siyasətçilərdir. Bu baxımdan saxtakarlıq olacağı təqdirdə onların bununla barışacaqları real görünmür. Əgər kütləvi saxtalaşma olsa, xalq kütlələrinin küçələrə çıxmaları, iğtişaşların baş verməsi qaçılmaz ola bilər. E.Mehdiyev də deyir ki, əlbəttə, gözlənilən elə odur: “2013-cü ilin fevralında keçirilən sonuncu prezident seçkisindən sonra yalnız Raffi Ovannesyanın tərəfdarları mitinq keçirdisə, bu dəfə saxtalaşdırma olacağı təqdirdə Sərkisyana müxalifətdə olan bütün qüvvələr birləşib vahid cəbhə yaradacaqlar. Ölkəni böyük mitinqlər bürüyəcək. Onun nəticələri də heç kimə məlum deyil. Bu baxımdan əgər onlar saxtalaşdırmanın dərəcəsinin çox böyük olduğunu görsələr, qarşıdurmanın da dərəcəsi, dərinliyi o qədər böyük olacaq. Ancaq Sərkisyan bunun fərqində deyil. Onun üçün əsas məsələ hakimiyyəti əlində saxlamaqdır”.

Rusiyanın Ermənistandakı proseslərdə rolunun nədən ibarət olmasına dair sualımızı da cavablandıran E.Mehdiyev deyib ki, Rusiyanın bu prorseslərdə birbaşa rolu yoxdur: “Amma dolayısıyla rolu böyükdür və onlar bunu çox diqqətlə izləyir. Sərkisyanın martın ortalarında Moskvaya çağrılması, Vladimir Putinlə görüşməsi də Sərkisyana dəstək kampaniyasının ifadə olunan hissəsidir”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər