Aprelin 12-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Reks Tillerson arasında danışıqlar keçirilib. İşçi lanç da daxil olmaqla nazirlərin danışıqları beş saata yaxın davam edib.
Daha sonra R.Tillerson və S.Lavrov Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul olunublar. Bu barədə məlumatı açıqlayan Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün təfərrüatları barədə məlumat verməyib.
Bundan sonra nazirlərin birgə mətbuat konfransı baş tutub. Mətbuat konfransında çıxış edən S.Lavrov Putin-Tillerson görüşünün iki sаatdan çox çəkdiyini bildirib: “Bizim ikitərəfli görüşümüzdən sonra danışıqlar Kremldə davam etdirildi. Danışıqlar açıq və ətraflı keçdi. İkitərəfli münasibətləri, beynəlxalq gündəmdə olan vacib məsələləri müzakirə etdik”.
Görüşü şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, səfəri nə çox yüksək, nə də də çox mənfi qiymətləndirmək mümkündür. Onun sözlərinə görə, səfər nəticəsində iki böyük dövlət arasında prinsipial məsələlərə dair mövcud olan fikir ayrılıqları aradan qaldırılmadı: “Ən ziddiyyətli baxışlar da Suriya məsələsi ilə bağlıdır. Amerika Bəşər Əsəd rejiminin getməsini tələb etdiyi halda Rusiya bunun əleyhinə çıxış edir. Rusiyanın dünən BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qətnamə layihəsi səsverməyə çıxarılarkən veto hüququndan istifadə etməsi bunun bariz nümunəsidir. Əksər Qərb dövlətləri Bəşər Əsəd rejiminin İdlib vilayətinin Xan-Şeyxun şəhərində kimyəvi qırğın silahından istifadəsini pisləyən qətnamənin qəbul olunmasına çalışdıqları halda Rusiya yenə də veto hüququndan istifadə etdi. Buna baxmayaraq bu, Tillersonun dövlət katibi kimi Rusiyaya ilk rəsmi səfəridir. Dialoq başladı, hətta son saatlaradək Vladimir Putinlə görüşün olub-olmayacağı belə sual altında idi. Görüş olmasaydı, bu, münasibətlərə daha çox mənfi zərər vuracaqdı. Çünki bu, müasir tarixdə ABŞ dövlət katibinin Rusiyaya gəlib prezident tərəfindən qəbul edilmədiyi ilk hal olacaqdı. Prezident onu qəbul etdi, iki saat danışıqlar aparılıdı. Amma yenə də qeyd edirəm ki, həm bu, həm də Lavrovla aparılan müzakirələr prinsipial fərqləri ortadan qaldırılmadı. Bununla belə təmas, dialoq var. Bunun özü də çox önəmlidir”.
Ancaq E.Şahinoğlunun sözlərinə görə, məsələ ondadır ki, bir müddət sonra həm bu səfər, həm də müzakirə olunan məsələlər geridə qalacaq və yenə də fərqlər ortaya çıxacaq: “Ona görə də dialoqun davamlı olması hər iki tərəf üçün önəmlidir. Çünki hər ikisi böyük, hər ikisi nüvə dövlətidir. Bu iki dövlət arasında gərginliyin artması beynəlxalq aləmə də ciddi problemlər yaşada bilər. Biz bunu “soyuq müharibə” dövründə gördük. Təsadüfi deyil ki, bəzi rusiyalı ekspertlər hazırkı ABŞ-Rusiya münasibətlərini məhz “soyuq müharibə” dövrünün münasibətlərinə bənzədirlər və bunda müəyyən qədər də haqlıdırlar. Elə bir məsələ yoxdur ki, həmin məsələyə dair iki dövlət arasında ciddi fikir ayrılığı olmasın. Ukrayna, Suriya, Şimali Koreya məsələsində çox ciddi fikir ayrılıqları var və ortaq məxrəcə gələ bilmirlər. Amma düşünürəm ki, Suriya ilə bağlı müəyyən inkişaf ola bilər. Bu da nədən ibarətdir? Amerika Əsəd rejiminin getməsini istəyərkən Əsəd hakimiyyətindən kiminsə prezident olmasına etiraz etmir. Çünki Əsədin əli qana batıb, başqasının prezident olması problem yaratmaz. Mənə elə gəlir, Rusiya yaxın gələcəkdə bu varianta baxa bilər. Çünki Əsəd vətəndaşların qanını həqiqətən çox tökdü. Rusiya bir şəxsə – Əsədə görə Qərblə çox gərgin münasibətdədir. Ona görə mümkündür ki, Rusiya özü də Əsədin yaxın ətrafından birinin prezidentliyə namizədliyinin irəli sürülməsinə etiraz etməsin”.
Bununla belə, E.Şahinoğlu qeyd edib ki, bu zaman Rusiyanın mütləq iki şərti olacaq: “Bu şərtlərdən biri ondan ibarətdir ki, gərək yeni hakimiyyət də Rusiya ilə strateji tərəfdaşlığı davam etdirsin. İkinci şərt isə Suriyadakı Rusiya hərbi bazalarının varlığının davam etdirilməsi ola bilər. Düşünürəm ki, bu şərtlər yerinə yetirilərsə, gələcəkdə Rusiya Əsədin hakimiyyət daxilindən bir başqası ilə əvəz olunmasına etiraz etməz. Bu, Rusiya-ABŞ, Rusiya-Avropa münasibətlərindəki gərginliyi də nisbətən azaldar. Amerikanın özü də belə bir anlaşmanın əldə edilməsinə meyillidir. Tillerson Moskvaya gəlməmişdən öncə – İtaliyada belə bir ifadə işlətdi ki, Rusiya ya sivil dünya, Qərblə bir yerdə olmalı, ya da Əsəd rejiminə, İran və “Hizbullah”a dəstək verməlidir. Dövlət katibi Moskvada bu tezisi təkrarlamadı ki, danışıqlara əlavə gərginlik gətirməsin. Amma problem ondadır ki, Donald Tramp və Tillerson ölkə daxilində istədikləri qərarı da verə bilmirlər. Çünki ABŞ Konqresində və siyasi dairələrdə anti-Rusiya meyilləri güclənib. Bu, Rusiyanın Ukrayna və Suriya siyasəti ilə bağlıdır. Ona görə Tramp Rusiya ilə hətta yaxınlaşmaq istəsə belə, həmin siyasi elita ona çox böyük təzyiq edəcək. Bunu Rusiyada da anlayırlar”.
Səxavət HƏMİD