24 Aprel 2014 11:08
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

1 May bayram kimi keçirilməlidirmi?

1 may dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilir. XX əsrin əvvəllərində Avropada ən fəal kommunist hərəkatı üzvlərindən biri olan Roza Lüksemburq (Almaniya) 1894-cü ilin fevralında Parisdə dərc olunmuş "May bayramı necə yarandı?" adlı tarixi məqaləsində yazırdı: "Azad düşüncə - 8 saatlıq iş gününün nailiyyəti üçün vasitə kimi bir proletar bayram günü tətbiq etmək ilk dəfə Avstraliyada ortaya çıxdı. Yerli işçilər 1856-cı ildə artıq toplantı və əyləncə ilə əlaqədar səkkiz saatlıq iş gününün lehinə nümayiş olaraq bir günlük özlərini tamamilə işdən azad etməyi qərara aldılar".

Avstraliyalı əməkçilərin bu nümunəsini daha sonra amerikalılar təkrarladı.

1896-cı ildə Amerikanın Çikaqo şəhərində 350 min fəhlə hüquqları pozulduğu üçün tətilə başlayıb. Bununla da mayın 1-i Ümumdünya Zəhmətkeşlər günü kimə tarixə düşüb.

1920-ci ildən başlayaraq 1 may ölkəmizdə rəsmi bayram kimi qeyd olunub. Lakin 1992-ci ildə mərhum prezident Əbülfəz Elçibəyin göstərişi ilə 1 Mayın rəsmi səviyyədə qeyd edilməsinə son qoyulub.
Hazırda kommunist partiyaların üzvləri 1 mayı kiçik bir yürüşlə qeyd edir.

Son günlər Türkiyənin Taksim meydanında 1 May yürüşünün keçirilməsi barədə qızğın müzakirələr gedir. Lakin baş nazir Rəcəb Tayyib Ərdoğan deyib ki, İstanbulun Taksim meydanı 1 May yürüşünün keçirilməsi üçün uyğun deyil: "Taksim meydanında yürüş keçirməyi unutmaq lazımdır. Hökumət 1 May yürüşü zamanı ölkədə vəziyyətin gərginləşməsində maraqlı deyil".

Türkiyənin əsas müxalifəti - Cümhuriyyət Xalq Partiyası (CHP) qadağalara baxmayaraq, partiya tərəfdarlarının mayın 1-də İstanbuldakı Taksim meydanına toplaşacağını bildirib.

"Yaxşı ənənə olsaydı, insanlar bunu yaşadardı"

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa qəzetimizə bildirdi ki, 1 mayla bağlı fikirləri müsbət deyil: "1 may işçinin hüququnü müdafiə edən anlayış deyil. Sosializmin məhsulu olaraq ideoloji xarakter daşıyan addım idi. Söhbət zəhmətkeşdən gedirsə, bir yazıçı da, məmur da zəhmətkeş ola bilər. Zəhmətkeş ancaq fəhlə işləyən adam deyil ki. Zəhmət deyəndə inellektual əməkdən söhbət getməlidir. Bu, məntiqsiz yanaşmadır. Tarixən formalaşır, insanlar bu ad altında hansısa ideoloji baxışlarını ifadə edirlər. Amma bu, yaxşı ənənə olsaydı, insanlar bütövlükdə bunu yaşadardılar. Zəhmətkeş anlayışına münasibət dəyişib. Sovet dövründə olduğu kimi, ancaq fəhlə-kəndli götürülmür. Bu gün jurnalistin özü də zəhmətkeşdir. Ağır şərtlərdə işləyənlərin hüququ əmək qanunları ilə müdafiə olunur. Ona görə də hansısa yürüşün keçirilməsini məntiqli görmürəm".

F. Mustafa xatırlatdı ki, Əbülfəz Elçibəyin dövründə bu kimi tədbirlərin keçirilməsi ayrıseçkilik yaratdığı qərara alınıb və ləğv edilib.

Deputatın fikrincə, Türkiyədə bu günü daha çox qanundan kənar sol qruplar qeyd etməyə meyl göstərir və bununla hökumətə öz etirazlarını bildirirlər: "Seçkidə bir çox partiyaların gücü çatmır. Bu vasitələrlə səs verə biləcək potensial gücləri öz tərəflərində saxlamaq istəyirlər".

ASDP həmsədri Araz Əlizadə 1 mayın kommunistlərlə heç bir əlaqəsi olmadığını söyləyib. Onun sözlərinə görə, kimsə bu bayramı kommunistlərin bayramı hesab edirsə, özlərinin günahıdır.

"Kommunistlər gəzintiyə çıxacaq"

AKP sədri Rauf Qurbanov deyib ki, Mərkəzi Komitənin təsdiq olunmuş planına əsasən 1 mayı gəzinti şəklində keçirəcəklər: "Bu, nə mitinqdir, nə yürüşdür. Sadəcə olaraq republikanın bütün rayon və şəhərlərdəki şöbələrimizdə kommunistlər gəzinti təşkil edəcək. Əvvəllər mayın 1-də parad təşkil olunardı, ayın 2-də isə insanlar paraddan sonra təbiətin qoynunda dincələrdi. Biz də Azərbaycan Kommunist Partiyası olaraq adət-ənənəmizə sədaqət nümayiş etdirərək 1 mayı gəzinti formasında təşkil edəcəyik. İndi əksər rayonlarda biyabanlar, parklar var. Əvvəllər biz bayramı dənizkənarı bulvarda keçirərdik. Müzakirələrdən sonra qərara aldıq ki, istər Bakının rayonlarında, istərsə də bölgələrdə beynəlxalq həmrəylik günü parklarda keçirilsin. Xətai, Nizami, Yasamal rayonlarında park var, hər rayon komitəsinin rəhbəri kommunistləri toplayıb parklarda gəzinti təşkil edəcək".

"AKP hansısa abidənin ətrafına toplanmağa ehtiyac görmür"

R. Qurbanov vurğuladı ki, AKP özünü keçmiş Kommunist partiyasının varisi hesab edir: "O vaxt hansısa fəhlə heykəlinin yanına yığışmırdılar. Üzdəniraq, partiyadan xaric olunmuş bir qrup adam "Fəhlə heykəli"nin ətrafına toplaşır. AKP isə hansısa abidənin ətrafına toplanmağa ehtiyac görmür: "Heykəl yol ortasında yerləşirdi, onun ətrafında yığışmaq nə siyasi, nə də məntiqi məna daşımırdı. Xalqla birgə olub bu bayramı insanlarla bölüşmək lazımdır".

"Araz Əlizadə şou-biznes nümayəndələri kimi..."

O, Araz Əlizadənin fikirlərinə də reaksiya verib: "Araz bəy bəzən şou-biznes nümayəndələri kimi, reklam xarakterli çıxışlar ortaya atır. Araz bəy 1 mayın Sovet hakimiyyəti illərində necə qeyd olunduğunun şahididir. Özü komsomol olub, axı necə deyə bilər ki, 1 mayın kommunistlərlə əlaqəsi yoxdur? Respublikada yeganə sol özünü hesab edir. Yaşca böyüklüyünü nəzərə alıb, heç bir fikir bildirmirəm. İstəmirəm ki, solçular arasında belə ziddiyyətli fikirlər yaransın. Bilmirəm nə məqsədlə belə fikirlər səsləndirir? Sosial Demokratlar Avropada səhv etmirəmsə, 10-dan artıq dövlətdə hakimiyyətdədir. Heç də həmin dövlətlərdə 1 may zəhmətkeşlərin həmrəylik günü kimi qeyd olunmur. Sosial Demokratların adından başqa heç yanda solçuluq yoxdur. Onlar burjua hakimiyyətindən fərqlənmir. Sadəcə olaraq manipulyasiya edirlər. Sosial Demokratların hakimiyyətdə olduğu dövlətlərin hansında sosializm cəmiyyəti var?"

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər