Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, 14-də saat 22.00 radələrində Gəncə şəhəri, Nizami küçəsində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq piyada - 1987-ci il təvəllüdlü Aynurə Abbasovanı və onun azyaşlı oğlu, 2012-ci il təvəllüdlü Məhəmməd Abbasovu vurub hadisə yerindən qaçması və onların aldığı xəsarətlərdən ölməsi faktına görə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “QAZ-3110” markalı, 32-BB-254 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şərifov İqbal Yaşar oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.