Şamaxı şəhərinin mərkəzində qumbara partladılıb.
Hadisə ötən gün axşam saatlarında Şamaxı şəhərinin Heydər Əliyev prospektindəki 13 saylı fərdi yaşayış evinin qarşısında baş verib. Naməlum şəxs əvvəlcə ev sahibi 1960-cı il təvəllüdlü Fərəcov Raqif Soltan oğlunu küçəyə çağırıb. Darvazanın döyülmə səsini eşidən Raqif Fərəcov evdən çıxarkən qəflətən küçədə partlayış baş verib. Əl qumbarasını darvazanın yanına atan şəxs avtomobilə minərək hadisə yerindən qaçıb.
Hadisə zamanı darvaza əzilsə də, xəsarət alan olmayıb. Partlayıcı qurğunun səs qumbarası olduğu və ona görə də ətrafdakı evlərə, obyektlərə ciddi ziyan vurmadığı, lakin partlayış zamanı güclü səs yarandığı üçün Şamaxı sakinlərinin təşvişə düşdüyü bildirilir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Əl qumbarasını partladan şəxsin kimliyi və onun orada nə üçün partladılmasının səbəbi məlum deyil. Hazırda polis əməkdaşları hadisəni törədən şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
/APA/