Bakıda avtobus sürücüsünü döyən Cavidan Bədəlovun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Məhkəməsinin qərarı ilə müstəntiqini təqdimatı təmin edilib və Cavidan Bədəlovun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İttihama görə, sentyabrın 18-də axşam saatlarında metronun “Memar Əcəmi” stansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı avtobusun sürücüsü Qüdrət Kərimov sərnişin tərəfindən döyülüb.
Hadisə nəticəsində xəsarət alan sürücü 1 saylı Şəhər Kliniki Xəstəxanasında çatdırılıb. Daşıyıcı şirkət hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.
Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 19-cu polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtobus sürücüsünü döyən şəxsin Xırdalan şəhər sakini, 27 yaşlı Cavidan Bədəlov olduğu müəyyən edilib və o, saxlanılıb.
Cavidan Bədəlov Cinayət Məcəlləsinin 221.1-ci (xulqanlıq) maddəsi ilə ittiham olunur.