1 Avqust 2014 13:31
1 717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Bankının 2013-cü ildə Ümumi Daxili Məhsulun həcminə görə dünya ölkələrinin reytinq cədvəlində 9,2 trilyon dollarlıq ÜDM-lə ABŞ-dan sonra ikinci yerdə qərarlaşan Çin Xalq Respublikası (ÇXR) dünyanı heyrətləndirməyə davam edir.

ABŞ-ın rəsmi dairələri Çinin dünyada alternativ siyasət yürütməsindən narazı olsalar da, onun Amerika üçün ciddi təhlükə törədə biləcəyinə, dünya hegemonluğu yolunda təsirli əngələ çevriləcəyinə o qədər də inanmırlar. ABŞ prezidenti Cimmi Karterin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş məşhur politoloq Zbiqnev Bjezinski hesab edir ki, Çinin indiki yüksək inkişaf sürəti, sabit sosial-iqtisadi göstəriciləri bu templə 2020-ci ilə qədər davam etsə belə, bu dövlət çətin ki, ABŞ-a dünya hegemonluğu işində ciddi rəqabət yarada bilsin. Ən yaxşı halda bu ölkə Şərqi Asiya regionunun aparıcı və hegemon dövləti, geosiyasət baxımından qitənin ən təsirli ölkəsi ola bilər.

Hazırda Asiya nəhəngi adlandırılan Çinin Azərbaycanla münasibətləri maraq doğurur. Bəs, bu münasibətlərin tarixi hara söykənir? Azərbaycan-Çin əməkdaşlığının perspektivi nədən ibarətdir? İki ölkə arasında siyasi münasibətlər hansı səviyyədədir?

Tarixi arayış

Tarixdən məlumdur ki, Böyük İpək Yolunun tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçib. Bu səbəbdən Çin və Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir. Böyük İpək Yolunun üstündə yerləşən dövlətlərdən biri olan Çinlə Azərbaycan arasında mövcud olan münasibətlər də elə İpək Yolu qədər qədim tarixə malikdir. Görünür, məhz bu tarixiliyin nəticəsidir ki, bu gün ikitərəfli əlaqələr inkişaf traektoriyası üzrə irəliyə doğru getməkdədir. Uzaq Şərqin, bütövlükdə Asiyanın və dünyanın aparıcı dövlətlərindən biri olan Çin Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. ÇXR 1991-ci il dekabrın 27-də Azərbaycanın müstəqilliyini tanıyıb. Müstəqil bir dövlət kimi Azərbaycan və Çin arasında diplomatik münasibətlər 1992-ci il aprelin 2-də qurulub. Həmin ilin avqust ayında ÇXR-in Azərbaycanda səfirliyi açılıb. 1993-cü ilin dekabrın 1-də isə ilk səfir təyin edilib. 3 sentyabr 1993-cü ildə Azərbaycan Milli Məclisi Azərbaycanın ÇXR-də səfirliyinin açılması barədə qərar qəbul edib. Hal-hazırda Azərbaycan Respublikasının ÇXR-dəki səfiri Lətif Qəndilovdur.

Yüksək səviyyəli qarşılıqlı səfərlər

İki ölkə arasında rəsmi şəxslərin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edib. 1994-cü il martın 7-dən 10-dək Azərbaycan Prezidenti Heydər Əliyev ÇXR-də rəsmi səfərdə olub. Prezident ÇXR sədri Tszyan Tszemin, baş naziri Li Pen ilə rəsmi görüşlər keçirib. Səfər zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanıb. ÇXR sədri Tszyan Tszemin Azərbaycan Prezidenti Heydər Əliyevlə danışıqlarda bildirib: “Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün onunla birlikdə səy göstərməyə hazırdır”.

Heydər Əliyev Çinin beynəlxalq siyasi və iqtisadi işlərdə böyük rol oynadığını və islahatlar keçirilməsində Çinin təcrübəsinin öyrənilməsinə Azərbaycanın maraq göstərdiyini qeyd edib. Hər iki ölkənin rəhbərləri belə bir yekdil fikir söyləyiblər ki, dövlətlərarası münasibətlər dinc, yanaşı yaşamaq prinsipi əsasında qurulmalıdır.

Prezident İlham Əliyev də ÇXR-lə münasibətlərin inkişaf etdirilməsinə diqqətlə yanaşır. 2005-ci il martın 17-19-da prezident İlham Əliyev ÇXR-ə rəsmi səfər edib. ÇXR-in sədri Xu Szintao Azərbaycan Prezidentinin bu ölkəyə səfərini iki ölkə arasında münasibətlərin tarixində çox mühüm hadisə kimi qiymətləndirib. O, həmçinin, Azərbaycanın Cənubi Qafqazda liderlik mövqeyinin möhkəmlənməsindən məmnun olduğunu bildirib. Öz növbəsində İlham Əliyev Azərbaycanın Çinlə əlaqələrə xüsusi önəm verdiyini vurğulayaraq, Azərbaycan rəhbərliyinin Çinin işgüzar dairələrinin ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymasına köməklik göstərəcəyini deyib.

2008-ci il avqustun 7-də prezident İlham Əliyev XXIX Pekin Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimində iştirak etmək məqsədilə ÇXR-ə səfər edib.

İlham Əliyevin ÇXR-ə üçüncü səfəri bu ilin mayın 19-20-da gerçəkləşib. Həmin vaxt İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısında iştirak etmək məqsədilə bu ölkədə olub. Səfər çərçivəsində İlham Əliyev ÇXR sədri Si Cinpinlə görüşüb. Prezident İlham Əliyevin ÇXR-ə işgüzar səfəri zamanı keçirilən yüksək səviyyəli görüşlər də münasibətlərin inkişafı baxımından çox mühüm tendensiya kimi qəbul edilə bilər.

Bundan başqa, Azərbaycan və Çin hökumətinin üzvləri tərəfindən ötən illərdə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib. Azərbaycan Milli Məclisində Azərbaycan-Çin Parlamentlərarası Dostluq Qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri deputat Siyavuş Novruzovdur. Müqavilə-hüquq bazasına gəldikdə isə, indiyədək iki ölkə arasında 50 sənəd imzalanıb.

Azərbaycan Tayvan məsələsində Pekini, Çin Qarabağ məsələsində Bakını dəstəkləyir

Qeyd edək ki, Çin Dağlıq Qarabağ münaqişəsində dünya ictimaiyyəti ilə birlikdə problemin sülh yolu ilə həll edilməsi üçün səylərini göstərməyə hazır olduğunu bildirib və BMT-nin müvafiq qətnamələrini hər zaman dəstəklədiyini ifadə edib. Azərbaycan da Çinin “Vahid Çin” siyasətinə hörmət edir və Tayvanı Çinin vahid hissəsi kimi qəbul edir. Əminliklə söyləmək olar ki, ÇXR və Azərbaycan arasında heç bir problem yoxdur. Hər iki dövlət qarşılıqlı şəkildə bir-birinin suverenliyini və torpaqların toxunulmazlığını tanıyır. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan ÇXR hər zaman Azərbaycanı dəstəklədiklərini bildirir. Öz növbəsində Çin Azərbaycanın Tayvan, Tibet və Şərqi Türküstan məsələlərində rəsmi Pekinin mövqeyini dəstəkləyən xarici siyasətini yüksək qiymətləndirir.

“İqtisadi əməkdaşlıq sahəsində heç bir problemimiz yoxdur”

Azərbaycan-Çin Parlamentlərarası Dostluq Qrupunun üzvü, deputat Vahid Əhmədov bildirib ki, Azərbaycanla Çin arasında münasibətlər hər zaman yüksək səviyyədə olub. Onun sözlərinə görə, xüsusilə iqtisadi sahədə əməkdaşlıq daim inkişaf edib: “Son vaxtlar Azərbaycanla Çin arasında iqtisadi sahədə müəyyən anlaşmalar, sazişlər əldə olunub, müqavilələrə imza atılıb. İqtisadi sahədə əməkdaşlıqla bağlı Azərbaycanla Çin arasında elə bir ciddi problem yoxdur. Bildiyiniz kimi, Çindən Azərbaycana külli miqdarda mal idxal olunur. Çin hazırda əsasən ixrac edən ölkələr sırasına daxildir. Bizim sahibkarlarımız Çin dövləti ilə rahat şəkildə işləyirlər. Çünki bunu tənzimləyən dövlətlərarası sazişlər var. Gediş-gəliş sahəsində də elə bir ciddi problem yoxdur. Azərbaycandan isə Çinə müəyyən avadanlıqların, o cümlədən günəş batareyalarının ixracı nəzərdə tutulur. Ümumiyyətlə, mən belə hesab edirəm ki, münasibətlər yüksək səviyyədədir”.

“Azərbaycan Çin təcrübəsindən istifadə etməlidir”

V.Əhmədov qeyd edib ki, Çində birpartiyalı sistem mövcud olsa da, bazar iqtisadiyyatına keçilib, sahibkarlığın inkişafı üçün bütün qanunlar və qərarlar qəbul edilib və Çin sərbəst iqtisadi fəaliyyət göstərən, stabil iqtisadi inkişafa malik olan bir dövlətdir. Hesab edirəm ki, Azərbaycan azad iqtisadi zonaların yaradılmasında Çinin təcrübəsindən yararlanmalıdır. Çünki Çində çox böyük iqtisadi zonalar fəaliyyət göstərir. Ölkənin Ümumi Daxili Məhsulunun təxminən 30-35 faizi bu zonalarda istehsal olunur. Həmin zonalarda sahibkarlar vergilərdən tamamilə azaddır və sahibkarlar azad şəkildə, müəyyən vergi rüsumlarından azad edilərək ticarətlə məşğul ola bilərlər. Belə zonaların yaradılmasında Çin dövlətinin təcrübəsindən istifadə etməkdə böyük fayda var. Azərbaycan da xüsusi iqtisadi zonalar yaratmağı düşünür. Milli Məclis xüsusi iqtisadi zonaların yaradılması ilə bağlı qanun qəbul edib. Amma hələlik biz bu zonaları yaratmamışıq. Bu istiqamətdə İqtisadiyyat və Sənaye Nazirliyi böyük işlər görür. Yəqin ki, bizdə də yaxın gələcəkdə belə iqtisadi zonalar yaradılacaq. Bu baxımdan, bu təcrübədən Azərbaycanın da istifadə etməsində böyük əhəmiyyət var".

“Əməkdaşlığın inkişafında Çin də maraqlıdır”

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov isə bildirib ki, Azərbaycanla Çin arasındakı münasibətlər Azərbaycanla dünyanın aparıcı ölkələrindən biri arasındakı münasibətlər kimi xarakterizə olunmalıdır. Onun sözlərinə görə, Azərbaycan-Çin iqtisadi münasibətləri daha çox Çindən Azərbaycana idxal formasında həyata keçirilir:

“Bununla belə, Azərbaycan ÇXR-ə müəyyən məhsulların ixracını həyata keçirir. Bu baxımdan, idxal-ixrac münasibətləri praktik olaraq son illər kifayət qədər geniş inkişaf edib və bu gün Çin Azərbaycanın böyük ticarət tərəfdaşlarından biridir. Bu da, təbii ki, Çinin ixrac potensialının yüksək olması ilə bağlıdır. Təbii ki, burada yalnız Azərbaycan tərəfi deyil, həm də Çin maraqlıdır. Çünki sürətlə inkişaf edən Çinin xammal və enerji çatışmazlığı onun üçün Azərbaycan və Xəzər hövzəsini maraqlı edir. Bu baxımdan da, hər iki ölkə regional məsələlər və beynəlxalq problemlərə yanaşmada çox vaxt eyni mövqe tutur”.

Səxavət Həmid


Müəllif:

Oxşar xəbərlər