Daxili İşlər Nazirliyi (DİN) Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun azadlığa buraxılmasına aydınlıq gətirib.
Nazirliyin Mətbuat xidmətinin şöbə rəisi İlham Babayev Publika.az-a açıqlamasında bildirib ki, Orxan Nadirov azadlığa buraxılsa da, cinayət işinə xitam verilməyib:
“Hazırda cinayət işi davam etdirilir. İstintaq aparılır. O, polis nəzarətinə verilib”.
Qeyd edək ki, Orxan Nadirov dekabrın 8-də Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. O, bir gün polis nəzarətindən saxlanılandan sonra sərbəst buraxılıb.
Orxan Nadirov Səbuhi Əliyevi azadlığa çıxardacağına söz verərək, Kənan Əliyev və Mehman Umudodan 75-80 min manat civarında pul alıb. Xalq artistinin oğlu daha sonra vədinə əməl etməyib, aldığı pulu geri qaytarmayıb. Bundan sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Xatırladaq ki, İlhamə Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib. Orxan Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb.