Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun Ermənistan-Azərbaycan sərhəddində təmas xəttindəki baş verən gərginliyə münasibətini açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, səfir deyib ki, son olaylardan narahatlıq duyurlar: “Azərbaycanlı qardaşlarımızın təmas xəttində şəhid olması barədə xəbərlər gəlir. Bu isə Türkiyə Cümhuriyyəti olaraq bizi ciddi olaraq narahat edir. Baş verənlər işğal olunmuş Azərbaycan ərazilərinin qaytarılmasının vacibliyinin ən açıq nümayişidir”.
Onun sözlərinə görə, məsələ ilə bağlı Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla müzakirələr aparıb: “Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın da Azərbaycan prezidenti İlham Əliyevlə görüşü gözlənilir. Hazırda hadisələrin gedişini çox diqqətlə izləyirik. Daimi sülhün bərpası üçün ciddi addımlar atılmasının vacibliyini düşünürük. Türkiyə olaraq bunu yalnız sözdə deyil, aktiv şəkildə gerçəkləşdirmək üçün Azərbaycanla həmrəy çalışmağa davam edəcəyik”.