Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Bryansk vilayətində yerləşən sərhəd-keçid məntəqəsinə gələrək, bu ölkədən siyasi sığınacaq istəyən ukraynalı hərbi qulluqçu ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, Kiyev əsgərin bu addımı könüllü atmadığına əmin olduğunu bildirib.
“Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçusu andına, Ukrayna xalqına və özünün konstitusion vəzifəsinə sadiqdir”, - deyə, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının nümayəndəsi ölkə KİV-lərinə bildirib.
Qeyd edək ki, bir müddət öncə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Bryansk vilayəti üzrə idarəsi Ukrayna ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusunun onlara müraciət edərək, siyasi sığınacaq istədiyini açıqlayıb. Əsgərin sözlərinə görə, qaçış qərarı qəbul etməsinə Ukrayna ordusunda nizamnamədənkənar hərəkətlərin mövcudluğu səbəb olub.
FTX bildirib ki, qaçqının statusu məsələsi Rusiyanın səlahiyyətli strukturları tərəfindən həll olunacaq.