Son yağıntılardan sonra Cəlilabad-Yardımlı avtomobil yolundakı sürüşmə zonalarında aktivlik müşahidə olunmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, yolun Kövüzbulaq və Pərdi kəndləri arasındakı hissəsində, müxtəlif yerlərdə iri çatlar əmələ gəlib.
Yağıntıların təsirindən asfalt qatı tədricən sıradan çıxmağa başlayıb. Sürücülər bunun daha təhlükəli ola biləcəyindən narahatdırlar. Buradakı yol yatağının erroziyaya uğraması istənilən vaxt sürüşmənin baş verməsinə şərait yaradır.
Kənd sakinləri deyirlər ki, ərazidən mütəmadi olaraq yük avtomobillərinin keçməsi də yolun sürüşməyə meylli ərazilərində çökmələrin yaranmasına gətirib çıxarıb. Yolun Xanəgah kəndinə düşən hissəsində isə təpəlik ərazidə olan torpaq layları yola doğru axın edib.
Cəlilabad-Yardımlı avtomobil yolu dağlıq və təpəlik ərazilərdən keçdiyi üçün aktiv sürüşmə sahəsində yerləşir. Hər il payız-qış mövsümündə ərazidəki sürüşmə zonaları aktivləşir.
/Report/