Yanan villanın Ziya Məmmədovla heç bir əlaqəsi yoxdur.
Bu sözləri Axar.az-a sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, eks-deputat Elton Məmmədov Bakıda “Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə yanan villanın qardaşına aid olması ilə bağlı danışarkən bildirib.
Keçmiş deputat qeyd edib ki, Ziya Məmmədovun həmin ərazidə ümumiyyətlə villası yoxdur:
“Yanan mülk də ailəmizə məxsus deyil. Mən heç kəsə arzulamazdım ki, kiminsə evi, mülkü, villası yansın. Bu artıq neçənci dəfədir ki, Ziya Məmmədovun adı bu cür olayda hallandırılır. Çox istərdim ki, media bu cür ucuz qara piara inanmasın”.
FHN Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumatda isə Teymur Əliyev küçəsində yerləşən villaların yaxınlığındakı ərazidə mülk yox, obyektdə yanğın hadisəsi qeydə alındığı bildirilib.
Məlumata görə, səhər saatlarında həmin ərazidə yanğınla bağlı zəng daxil olub və hadisə yerinə gedən yanğınsöndürənlər yanğının qarşısını alıblar. İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub.
Qeyd edək ki, bu gün Teymur Əliyev küçəsində yerləşən və Ziya Məmmədova məxsus olduğu bildirilən villalardan birində yanğın olduğu barədə məlumat yayılıb.
***
09:59
Bakıda “Milyonerlər məhəlləsi” kimi tanınan Teymur Əliyev küçəsində yerləşən villaların yaxınlığındakı ərazidə yanan mülk yox, obyekt olub.
Bu barədə FHN Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən məlumat verilib.
Məlumata görə, səhər saatlarında həmin ərazidə yanğınla bağlı zəng daxil olub: "İlkin daxil olan məlumata görə, səhər saatlarında paytaxtın sözügedən ərazisində yerləşən obyektlərdən birində yanğın başlayıb. Əməkdaşlarımız hadisə yerinə yollanıb. Yanğın söndürülüb. Hadisə nəticəsində zərərçəkən olmayıb. İlkin ehtimallara görə, yanğına elketrik naqillərində yaranan qısaqapanma səbəb olub"/Publika/.
***
Bakıda “Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə yanğın başlayıb. Hazırda Teymur Əliyev küçəsində yerləşən villaların biri yanır.
Şahidlərin verdiyi məlumata görə, yanan mülk sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsusdur.
Hazırda hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub. /Qafqazinfo/