Əvəz Temirxan: “Hazırda qarşılıqlı ittihamlar hökm sürür”
Bir neçə müxalifət partiyasının KXCP qərargahında toplanması faktı baş versə də, hələlik real birlik haqda danışmaq tezdir. Çünki bu qurumda bir-birinə zidd olan bir neçə partiya təmsil olunur və müzakirələr zamanı da aralarındakı fikir ayrılığı açıq sezilir. Birliklə bağlı aparılan ilkin müzakirələrdə fəal iştirak edən Liberal partiya bəlli olmayan səbəblərdən ikinci görüşə qatılmayıb. Bu addım hətta müzakirələrdə iştirak edən Müsavat, KXCP, ADP, Ümid, BAP, Azadlıq, İslam, VİP və digər partiyaların təəccübünə səbəb olub.
Sözügedən tədbirə qatılmamasının səbəblərini açıqlayan Liberal partiyanın sədri Əvəz Temirxan bildirib ki, həmin toplantıya qatılmaması heç də dünyanın dağılması deyil. Onun sözlərinə görə, hələlik Liberal Partiya bu formatda bir araya gələn partiyaların müzakirəsində iştirak etməyi dəqiqləşdirməyib:
“Ötən həftənin cümə günü keçirilən toplantı ilə paralel olaraq tanınmış ziyalı Cavad Heyətin dəfn mərasimi keçirilirdi. Hesab etdik ki, Cavad Heyətin dəfn mərasimində iştirak etmək olduqca vacibdir. Odur ki, siyasi partiyaların arasında gedən müzakirələrdə iştirak etmədik. Ancaq qeyd edim ki, Liberal partiya müxalifət daxilində ziddiyyətlərin bir tərəfi olmayacaq. Bizim bu məsələdə mövqeyimiz qətidir. Hazırda bir neçə partiyanın bir araya gəlməsi və dəyirmi masa formatında əməkdaşlıq etməsi məsələsini öyrənirik. Bunu tam öyrənəndən sonra isə orada iştirak edib-etməmək haqda qərarımızı verəcəyik. Ola bilsin ki, bu həftə keçirilən dəyirmi masanın işinə qatılaq, məsələni dərindən öyrənək və bundan sonra durumu partiyada müzakirə edərək qərarımızı verək. Bu formatın nə dərəcədə effektiv olacağı haqqında da bir söz deyə bilmərəm. Milli Şura bu prosesdə iştirak etmir. Məncə, işin effektiv olması üçün onların da bu prosesdə iştirakına ehtiyac var. Lakin indi qarşılıqlı ittihamlar hökm sürür. Bu ittihamlara ara verib məsləhətləşmələr aparılmalıdır”.
Əvəz Temirxan əlavə edib ki, hazırda Liberal Partiyada vəziyyət normaldır, təşkilatda tədricən aktivlik hiss edilir: “Hələlik ortada bir şey yoxdur. İndi siyasi qüvvələr bələdiyyə seçkiləri haqda düşünür. Biz seçkilərə rəsmi start veriləndən sonra qərarımızı açıqlayacağıq. Hazırda Demokratik Qüvvələr Birliyində də fəaliyyət göstərir, məsləhətləşmələr aparırıq. Ola bilsin ki, bələdiyyə seçkilərində birgə iştirak edək. Ancaq hələlik bu haqda da qərar yoxdur. Düzdür, AMİP sədri Yusif Bağırzadə bəyan edib ki, seçkilərlə bağlı vahid mövqeyin ortaya qoyulması hələlik alınmır. Amma bu, Yusif Bağırzadənin subyektiv fikridir. Gələcəkdə yəqin ki, konkret qərar olacaq”.
Cavidan