Bakının Nəsimi rayonunda orta yaşlı kişi məktəblərdə şagirdlərə qarşı əxlaqsız hərəkət etməyə cəhd edib.
Teleqraf.com xəbər verir ki, sentyabrın 25-də, saat 08:00 radələrində “Məktəblinin dostu” layihəsinin fəaliyyət göstərdiyi 211 nömrəli tam orta məktəbin şagirdləri onlara qarşı əxlaqsız hərəkət və təkliflər edən orta yaşlı kişi barəsində məktəbli dostlarına xəbər veriblər.
Həmin şəxsin videogörüntüləri məktəbin təhlükəsizlik kameralarında da qeydə alınıb.
Daha sonra eyni şəxs saat 9:30 radələrində 9 nömrəli tam orta məktəbin həyətində görünüb.
“Məktəblinin dostu” layihəsinin əməkdaşları dərhal məktəb ərazisində olan şəxs barəsində polisə məlumat verib.
Əraziyə gələn polis əməkdaşları sözügedən şəxsi saxlayaraq, polis bölməsinə aparıblar. Eyni zamanda foto və videogörüntülər polis əməkdaşlarına təqdim edilib.
Qeyd olunan ərazidə narahatlıq yaradan şəxsin müəyyən edilməsinə görə valideynlər və şagirdlər "Məktəblinin dostları" layihəsinin iştirakçılarınatəşəkkürlərini bildiriblər.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsində araşdırma aparılır.