Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, sentyabrın 20-də Bakı şəhər sakini Qəşəm Mirzəyevin “VAZ-2101” markalı avtomobilinin Sabunçu rayonu ərazisindən qaçırılması barədə 12-ci polis şöbəsinə məlumat daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsinin oktyabrın 3-də saat 13 radələrində Balaxanı qəsəbəsi ərazisində hərəkətdə olması Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti tərəfindən müəyyən edilib.
Dərhal görülən tədbirlərlə avtomobil qəsəbə ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı sürücü, qəsəbə sakini Xəyal Behbutov həmin avtomobili cari il sentyabr ayının 29-da Novruz adlı şəxsdən 350 manata aldığını bildirib.
Faktla bağlı araşdırma aparılır.