Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı Hökumətlərarası Komissiyasının XXV iclası 2015-ci ildə Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.
“APA-Economics” Rusiyanın “İnterfaks” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat bu gün Bakıda keçirilən Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı Hökumətlərarası Komissiyasının XXIV iclasının yekun protokolunda yer alıb.
Sənəddə bildirilir ki, Hökumətlərarası Komissiyanın iclası VI Rusiya-Azərbaycan Regionlararası Forum çərçivəsində baş tutacaq.
Qeyd edək ki, bu gün baş tutan Hökumətlərarası Komissiyanın iclasının yekun protokolunu komissiyanın həmsədrləri, Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və onun rusiyalı həmkarı Dmitri Roqozin imzalayıb.
Protokolda qeyd olunub ki, Azərbaycanla Rusiya hökumətləri arasında Moskvada yerləşən Ümumrusiya sərgi mərkəzində Azərbaycanın sərgi-ticarət mərkəzinin yaradılması ilə bağlı Saziş imzalanıb.
Bundan başqa, komissiyanın qərarına əsasən, müvafiq nazirliklər və digər dövlət orqanları tərəfindən hüquqi bazanın, imzalanma mərhələsində olan sənədlərin təkmilləşdirilməsi üzərində işlər aparmalıdır. Bununla yanaşı, tərəflər malların gömrük nəzarəti, dəniz nəqliyyatı, sularda xilasetmə, turizm, gənclər siyasıti, əmək miqrasiyası sahəsində sənədlərin hökumətlərarası razılaşmaların təkmilləşdirilməsinə qərar verib.