"Vəziyyət dramatikdir. İnsanları dağıntılar altından çıxarmaq üçün hər cür səy göstərilir".
Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə Albaniya Prezidenti İlir Meta zəlzələdən sonra yaranmış vəziyyətə münasibət bildirərkən deyib.
Qeyd edək ki, İlir Meta zəlzələdən xəsarət alanları xəstəxanada ziyarət edib.
Son məlumatlara görə, zəlzələ nəticəsində 6 nəfər ölüb, xəsarət alanların sayı 300 nəfəri keçib.
***
11:37
Albaniyada baş vermiş zəlzələdə tələfat var.
Teleqraf.com xəbər verir ki, zəlzələ nəticəsində ən azı 3 nəfərin öldüyü bildirilir. Onlardan biri qorxudan özünü binadan atıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, 150 nəfər xəstəxanaya yerləşdirilib.
Ölkənin üç şəhərində - paytaxt Tiranada, Diraç və Lehzada təhsil müəssisələri işinə fasilə verib.
Tirana başda olmaqla Albaniyanın bir neçə şəhərində, eləcə də qonşu Şimali Makedoniya, Kosova və Monteneqroda elektrik və rabitə kəsintisi müşahidə olunub.
***
10:08
Tirana yaxınlığında qeydə alınan zəlzələ nəticəsində yüzlərlə insan xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, ölənlərin olması barədə hələlik məlumat yoxdur.
Güclü təkan nəticəsində çoxlu sayda yaşayış evlərinin dağıldığı qeyd edilir. Zəlzələ paytaxtdan savayı, Durres şəhərində də hiss olunub və dağıntılara səbəb olub.
***
09:24
Albaniyanın paytaxtı Tiranadan 34 kilometr şimal-qərbdə 6,4 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təkanlar 10 kilometr dərinlikdə olub. Xeyli sayda binalarda çatlar yaranıb. Bu zəlzələdən 9 dəqiqə sonra 5,3 bal gücündə növbəti təkanlar qeydə alınıb.
Zəzələ Yunanıstan, Monteneqro, İtaliya, Makedoniya, Bosniya-Hersoqovina, Şimali Makedoniya, Xorvatiya və Serbiyada da hiss olunub.