30 Sentyabr 2014 17:03
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tural Abbaslı: “Arif Hacılıya zaman verməliyik”

“Müsavatın seçkili orqanlarında gənclərin təmsilçiliyinin az olmasını gənclər üçün yox, partiya üçün təhlükəli olacaq”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Müsavat Partiyasının başqanlıq yarışında 19 səslə rəqiblərinə uduzan Tural Abbaslı deyib. Onun fikrincə, gənclərin təmsil olunmadığı qurumun gələcəyi təhlükə altına düşür: “Başqanlıq seçkisinin ədalətli keçirildiyini düşünürük. Bizə səs verməyənləri uzaqgörənliyinin olmamağında da ittiham edə bilərik, amma gəncliyin də hansısa səhvi olub ki, onların etimadını qazana bilməmişik. Səsvermə hüququ onların əlində idi və heç kim onları seçimlərinə görə ittiham edə bilməz. Tərəfdarlarım olan gənclərin inciklik və qınaq rakurslarından yazılan statusları var və yəqin davam edəcək. Biz müsavatçıyıq və sonadək Müsavatdayıq. Qurultay nümayəndələri bizi sıravi müsavatçı kimi görürlərsə, sıravi üzv kimi fəaliyyətimizi davam etdirəcəyik, əgər hansısa postlarda görəcəklərsə, bunu da qəbul edib layiqli şəkildə vəzifəmizi icra edəcəyik”.

“Partiyanı gənclərə həvalə etməyi risk hesab edirlər”

T.Abbaslı Müsavatı quranda İsa Qəmbərin 35, Arif Hacılının 30 yaşı olduğunu xatırladaraq indi gənclərə yer verilməməsini belə izah etdi:

“Mərhum Əbülfəz Elçibəyin dönəmində seçicilər, iddialılar, o cümlədən İsa Qəmbər, Arif Hacılı və bütün meydan hərəkatının iştirakçılarının böyük əksəriyyəti gənc idi. Meydanlara çıxan insanların da 90 faizi onların həmyaşıdlarıydı. Eyni yaş qrupunda olan insanların öz çevrəsindəkilərlə dil tapması və ona şans verməsi daha rahat olur. Bu gün iddialılar içərisində gənclər var, amma seçicilərin böyük əksəriyyəti orta və yaşlı nəsli əhatə edir. Uzun müddət müxalifətdə qalmağın da öz təsiri var. Çünki insanlar hər hansı yenilikdən qorxur və çəkinir, ən azı olanı qorumaq instinkti yaranır. Stabil olanı saxlamaq istəyirlər və 100 illik partiyanı gənclərə həvalə etməyi risk hesab edirlər. Seçicilərlə iddialılar arasında düşüncə və yaş fərqinin bu prosesdə önəmli rolu oldu. Seçki olub, nəticələri faktdır. Qəbul etmədiyimiz odur ki, gənclərin Müsavatda təmsilçiliyi bu qədər az olmamalıdır. Biz seçkinin nəticələrində taleyimizlə barışdığımız halda, sonadək gənclərin partiya strukturlarında təmsilçiliyi ilə bağlı danışıqlar aparacağıq, mübarizəni davam etdirəcəyik. Xaraktercə də barışan insanlardan deyiləm”.

“Arif Hacılıya zaman verək”

T.Abbaslının fikrincə, hələ təbliğat kampaniyasında Arif Hacılının başqan olacağı təqdirdə hansısa yeniliyin olmayacağını dilə gətirib: “Mən bilsəydim ki, Müsavata yenilik gətirə biləcək şanslı hansısa namizəd var, onun xeyrinə namizədliyimi geri götürərdim. Namizədliyimi vermişdimsə, deməli, nələrisə bəyənmədiyim üçün vermişdim. Arif Hacılı İsa bəylə 25 ildir bir yerdə addımlayır, silahdaşdır, düşüncə tərzi eyni olduğundan onun partiyaya yeni nə isə verə biləcəyini düşünmürəm. Amma indi Arif bəy onun əksini iddia elədi və yenilik gətirəcəyini söylədi, qurultay nümayəndələri də ona inanıb seçdilər. Bir müddət Arif bəyə zaman verməyin tərəfdarıyam, görək dediklərini reallaşdıracaq, ya yox. Dolayısı ilə zaman ya mənim, ya da Arif bəyin haqlı olduğunu sübut edəcək”.

Qeyd edək ki, Müsavatın sentyabrın 27-də keçirilən qurultayında heç bir gənc partiyanın seçkili orqanlarına seçilməyib və bu fakt sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər