Müsavat Partiyasının başqanlığa sabiq namizədi Səxavət Əlisoy son istefalara münasibət bildirib.
S.Əlisoy qeyd edib ki, yeni başqan Arif Hacılı Müsavat Məclisində yeni komissiya yaratmalıdır. Onun fikrincə, ortaya ciddi faktlar qoyulub, cavab vermək əvəzinə təhqir kampaniyası aparılır:
“Arif Hacılının dəstəsinin durması mümkün deyil. Gənclərlə işi “uğurla” bitirə bildilər. Əhsən. Sırada, deyəsən, Ellada xanım və Vurğun Əyyub dayanır. Talışxanlı demişkən, növbədə çox ziyalı var hələ. Qırmızı xətt tanımadan ömrünün 20-25 ilini mücadiləyə sərf etmiş insanların üstünə gedirlər. Bu zatlardan biri ilə təsadüfən görüşdük, söhbət əsnasında “yazdıqlarını bir dəfə valideynlərinə göstər, sonra davam et, dedim”.
Qayıtdı ki, “qalibləri mühakimə etmirlər”. Zatən, bu cavabdan savayı bir şey də gözləmirdim. Artıq ox yaydan çıxıb və belə bir durumda Arif Hacılının məclisi dəstənin ən bərkgedən təhqirçilərindən və qoluzorlulardan ibarət bir İntiqam Komissiyası yaratsa əla olar. Kim bir tənqidi fikir söyləsə, bu komissiya dərhal onu cəzalandırsın. Analitik mərkəzə artıq ehtiyac yoxdur, bunun əvəzinə İntiqam Komissiyası yaranmalıdır”.
Cavidan