Sumqayıt şəhərində qətl hadisəsi törətməkdə ittiham olunan 1993-cü il təvəllüdlü Elnur Əsədullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Əfqan Hacıyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, bu ilin iyulun 17-də, saat 14 radələrində Sumqayıt şəhəri ərazisində 1992-ci il təvəllüdlü Kamal Əliyevin bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla hadisənin zərərçəkmişin tanışı 1993-cü il təvəllüdlü Elnur Əsədullayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən Elnur Əsədullayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.