Mingəçevir şəhər polis şöbəsinə COVID-19 infeksiyasına yoluxmuş iki şəhər sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Şəhər sakinləri - V.Qurbanova və İ.Bayramovanın koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, onlara ev şəraitində müalicə təyin edilib, ancaq həmin şəxslər karantin qaydalarını pozaraq yaşayış yerlərini tərk ediblər.
Polis əməkdaşları tərəfindən karantin qaydalarını pozan və vətəndaşların sağlamlığı üçün ciddi təhlükə yaradan V.Qurbanova və İ.Bayramovanın qanunazidd hərəkətlərinin qarşısı alınaraq, onlar həkim briqadasının da müşayiəti ilə koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.
Hər iki şəxs barəsində Mingəçevir şəhər polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.