Rusiya Prezidenti Vladimir Putinin "Qiyamət Günü Təyyarəsi” qarət edilib.
Teleqraf.com xəbər verir ki, prezidenti mümkün nüvə hücumundan qoruyan təyyarə texniki xidmətdə olduğu hava bazasında oğruların hədəfində olub.
Hadisə paytaxt Moskvanın cənubunda yerləşən Taqanroqdakı hava bazasında qeydə alınıb. Oğrular istismarda olan İlyuşin-80 tipli “Qiyamət Günü Təyyarəsi”nə yük hissəsindən daxil olublar.
Məlumata görə, oğrular təyyarənin içərisindən ən az 939 826.84 rubl (22 min manata yaxın) avadanlıq oğurlayıblar. Səlahiyyətli orqanlar oğurlanan texnikanın adlarını paylaşmasa da, oğruların təyyarənin radio cihazlarını hədəf aldıqlarını bildirir.
Faktla bağlı istintaq başlanıb, təyyarədə ayaq və barmaq izləri olduğuna görə müayinəyə göndərilib.
Donanmada Rusiya Hərbi Hava Qüvvələrinə aid İlyuşin-80 tipli 4 ədəd təyyarə var. Nüvə hücumundan yüksək vəzifəli məmurları qorumaq üçün dizayn edilən təyyarələr yanacaq təchizatı ilə havada günlərlə uça bilir.
Təyyarədə demək olar ki, şüşə yoxdur. Bu isə atom partlayışında sərnişinlərin kor olmasının qarşısını almaq məqsədi daşıyır. Xüsusi bir antenaya və rabitə şəbəkəsinə sahib olan təyyarə, bir komanda mərkəzi kimi Rusiyanın nüvə sualtı donanması ilə əlaqə qura bilər.