14 Dekabr 2020 17:58
1 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl Rayon Məhkəməsi fitnes məşqçisi Kamil Zeynallı barəsində 1 ay müddətinə inzibati qaydada həbs olunması barədə qərar verib.

Teleqraf.com-un xəbərinə görə, Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun yaydığı məlumatda qeyd olunur ki, Kamil Zeynallı dekabrın 13-də, axşam saatlarında işğaldan azad edilən Kəlbəcər rayon ərazinə getməyə cəhd edib.

Məlumata görə, Kamil Zeynallı stasionar posta yaxınlaşıb, həmin əraziyə keçmək istədiyini bildirib.

Polis əməkdaşları da bunun mümkünsüz olduğunu, yalnız xüsusi icazəyə malik dövlət qurumları əməkdaşlarının keçə biləcəyini deyib.

Kamil Zeynalı isə israr edib, polisin qanuni tələbinə tabe olmayıb.

Buna görə də o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib, baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə onun barəsində həbs qərarı çıxarıb.

***

16:31

Fitnes məşqçisi Kamil Zeynallı polis əməkdaşları tərəfindən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Kamil Zeynallı Göygöl rayonu ərazisində polisə müqavimət göstərməkdə ittiham olunur.

Kamil Zeynallı məhkəmə qarşısına çıxarılır.

Onun bu gün işğaldan azad edilən ərazilərə getməyə cəhd etdiyi bildirilir.


Müəllif: Hacı Zeynalov