Salyanda 143 baş qoyun oğurlayan şəxs saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.
Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iyul ayının 3-də rayon sakini A.Şıxəliyevə məxsus fermadan 143 baş qoyun oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmalarla onun Sabirabad rayonu Zəngənə kəndində qeydiyyatda olan, lakin Salyan rayonunda yerləşən fermaların birində işləyən və orada yaşayan Dilqəm Mirzəliyev olduğu müəyyən edilib.
Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Dilqəm Mirzəliyev tərəfindən oğurlanmış 143 baş qoyun isə polis əməkdaşları tərəfindən maddi sübut kimi onun yaşadığı fermadan aşkarlanaraq götürülüb və zərərçəkmişə təhvil verilib.
Faktla bağlı Salyan rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb.