Vidadi Mirkamalın müəllimliyi şübhə altına alındı
Milli Şuraya və AXCP-yə yaxın media Demokratiya və İnsan Hüquqları Mərkəzində birləşən siyasi partiyaları tənqid atəşinə tutub. Bu partiyalar iqtidarla əməkdaşlıqda ittiham edilib, həmçinin 11 partiya sədrinin etiraz piketi keçirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərməsi pislənilib.
Vidadi Mirkamal: “11 partiya sədri özünü ifşa edib”
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal deyib ki, mübarizə əzmində olmayan insanlar Milli Şuranı hədəf seçməklə yalnız özlərini ifşa etmiş olurlar: “Ötən il real müxalifət birliyi - Milli Şura meydana çıxdı və bu qurumun namizədi seçkilərdə iştirak etdi. Bundan sonrakı dövrdə də Milli Şura öz prinsipial mövqeyini davam etdirir. Mitinqə gəlincə, bu, real mübarizə əzmində olan bir qurumun atmalı olduğu addım idi. Siyasi mübarizə əzmində olan qüvvə hakimiyyətlə dialoqa cəhd göstərib 11 nəfərlik piket keçirmək qərarı verməzdi. Artıq kimin kim olduğu aydın görünür. Bu adamlar Milli Şuranın keçirdiyi mitinqi gözdən salmağa cəhd göstərməklə, hörmətsizlik nümayiş etdirirlər”.
Elşad Musayev: “Vidadi Mirkamalın BDU-da necə müəllim olduğu bəllidir”
Demokratiya və İnsan Hüquqları Mərkəzində təmsil olunan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə Vidadi Mirkamalın ittihamlarına kəskin münasibət bildirib: “Mərkəzdə təmsil olunan bir neçə partiya hesab edib ki, dialoq, hökumət nümayəndəsi ilə görüşmək lazımdır. Mərkəz funksional əməkdaşlıq qurumudur və heç kimin kiminsə qarşısında öhdəliyi yoxdur. Mərkəzdə olan bir neçə partiya hakimiyyət nümayəndəsi ilə görüşmək təşəbbüsündə bulunub. Biz bu qərara hörmətlə yanaşırıq”.
Elşad Musayev deyib ki, Vidadi Mirkamal öz işi ilə məşğul olsa yaxşıdır: “Şəxsən bizim partiya bu təşəbbüsdə yoxdur. Ancaq Vidadi Mirkamal universitetdə müəllim işləyib. Bizlər də Bakı Dövlət Universitetində hansı müəllimin rüşvətxor olduğunu çox yaxşı bilirik. Hərə gedib öz işi ilə məşğul olsun, artistlik etməsin”.
Əhməd Oruc: “Müxalifətə hakimiyyətdən qovulduğumuz üçün gəlməmişik”
Azadlıq Partiyasının sədri Əhməd Oruc isə deyib ki, Vidadi Mirkamalın açıqlamalarında böyük yanlışlıq var: “Biz mərkəz olaraq Milli Şuranın mitinqinə qarşı iş aparmamışıq. Onların mitinqində bizim mərkəzdə təmsil olunan bəzi partiya sədrləri də iştirak edib. Mirkamal indi parçalanma görüntüsü yaratmaq, əsas müxalifətin də özləri olduğuna dair rəy yaratmağa çalışır. Bu, yanlış mövqedir. İndi piket keçiririk, deyirlər ki, bunlar piket keçirirlər. Mitinq keçirəndə də deyəcəklər ki, bizi təkrar edirlər. Bütün hallarda onların belə deməyə əsası yoxdur. Onları tədbirlərimizə dəvət etmişik. Aksiyalarına qarşı da kampaniya aparmamışıq. Demişik ki, müxalifət bir olmalıdır. Ancaq onlar nədənsə bunu istəmirlər, parçalanma görüntüsü yaratmaq istəyirlər. Vidadi Mirkamala görə təəssüf edirəm. Mən bilən o, uzun müddət BDU-da müəllim işləyib. Onun necə müəllim olduğunu tələbələri daha yaxşı bilir. Mənsə, bunun dərinliyinə getmək istəmirəm. Həm də fikir söyləyəndə gərək arqumentlərə söykənəsən. Bizim fəaliyyətimiz şəffaf və ortadadır. Heç kimlə arxada əməkdaşlıq etməmişik, milli maraqlara üz çevirməmişik. Müxalifətə də hakimiyyətdən qovulduğumuz üçün gəlməmişik. Yalnız müxalifət bizik deyə kimdənsə qrant almaq naminə fəaliyyətimiz də olmayıb”.
CAVİDAN