Milli Məclisin bugünkü iclasında deputat Musa Quliyev bildirib ki, hazırda dünyada milyonlarla insan günü 2 dollara yaşayır:
“Biz müstəqilliyin qısa müddətində bu məsələləri yoluna qoymuşuq. Büdcəni pozitiv, sosial yönümlü hesab edirəm. Büdcənin 28 faizi sosial xərclərə hesablanıb. Büdcə imkan verəcək ki, yeni-yeni məktəblər, bağçalar, səhiyyə müəssisələri tikilsin, sosial ipotekanın sərhədləri genişlənsin, aqrar sahəyə yatırım 6 faiz çox olsun, əmək haqları artırılsın. Büdcə orudunun hərbi qüdrətinin, hərbi texniki bazasının güclənməsinə şərait yaradacaq”.
Deputat qeyd edib ki, bir çox həmkarları sosial evlərin tikilməsi məsələsini qaldırır və bunu vacib hesab edirlər: “Sosial evlərin tikilməsi, ehtiyacı olanlara ipoteka hesabına verilməsi vurğulanır. Əslində bu proses gedir. Ölkədə məcburi köçkünlər üçün sosial evlər tikilir. Məncə bunun üçün büdcəni yükləmək lazım deyil. Dövlət sahibkar və iş adamlarına şərait yaratmalıdır ki, sosial evləri iş adamları tikərək cüzi faizlə ehtiyacı olan vətəndaşa versin. Kənd təsərrüfatında məhsuldarlığın artması, insanın kəndə bağlanması üçün elektron kənd təsərrüfatı proqramının hazırlanmasına ehtiyac var. Eləcə də xaricdə təhsil alanlara şərait yaradılsın, xaricdə təhsili bitirən şəxslər müsabiqəsiz dövlət qulluğuna qəbul edilsin. İndi oxuyub gələnlər daha çox özəl sektora meyl edirlər, çünki bu sektorda əmək haqqı yüksək olur”.
Deputat QHT-lərin xarici donorlardan asılığını aradan qaldırmaq üçün QHT Şurasına maliyyə ayırmalarının artırılmasını təklif edib.
Musa Quliyev əlavə edib ki, Gəncədə böyük işlər gedir, Prezidentin şəhərə xüsusi qayğısı var: “Ancaq hesab edirəm ki, şəhərin sosial-iqtuisadi inkişafı ilə bağlı xüsusi proqram hazırlanmalıdır”.
O, həmçinin təklif edib ki, tütün məmulatlarına tətbiq edilən vergi artırılsın: “Siqaret məhsulları ucuz satılır. Rüsumun artırılması həm büdcəyə gəlirləri artıracaq, həm də vətəndaşlarımızın tütün məmulatlarına əlçatanlığını aradan qaldıracaq”.
Nemət