Tovuz rayonunda atasının qətlə yetirməkdə ittiham olunan Ceyhun Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Xəqani Səmədovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, bu ilin fevralın 14-də Tovuz rayonu Hunanlar kənd sakini Qamət Əliyevin öldürülməsi faktı ilə bağlı Tovuz Rayon Prokurorluğuna məlumat daxil olub.
Ceyhun Əliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı atası Qamət Əliyevə odlu silahla bir neçə dəfə atəş açıb, onu öldürməsi müəyyən edilib.
Məlum olub ki, hadisədən əvvəl 1947-ci il təvəllüdlü Qamət Əliyev və oğlu, 1980-ci il təvəllüdlü Ceyhun Əliyev Bakı şəhərindən rayonun Hunanlar kəndində olan evlərinə gediblər.
Onlar yolda olan zaman qohumları Rasim Quliyevə zəng edərək evin sobasını yandırmasını və yemək-içmək hazırlamasını xahiş ediblər. Ata və oğlu evə çatana qədər qohumları süfrəni hazırlayıb.
Rasin Quliyevə də əyləşib yemək yeməsi təklif olunub, lakin o, mal-qaraya baxmalı olduğunu bildirib və evdən çıxaraq gedib.
Hadisə zamanı evdə Ceyhun Əliyevlə atası Qamət Əliyev ikisi olub. Rasim Quliyev isə güllə səsini eşitdikdən sonra yenidən ora qayıdıb. O, evin həyətində Ceyhun Əliyevi görüb və nə baş verdiyini soruşub.
Ceyhun cavabında atasını “Vinçester” silahı ilə güllələdiyini deyib. Qamət Əliyev sinəsindən 5 güllə yarası alıb və hadisə yerində dünyasını dəyişib.
Ceyhun Əliyev ailəli olub, 2 övladı var. Onun övladlarından biri 10-15 gün əvvəl dünyaya gəlib. Ceyhun Əliyevin psixoloji problemləri olduğu, onun bir müddət Maştağa qəsəbəsində yerləşən psixiatriya xəstəxanasında müalicə aldığı bildirilib.
Qətlə yetirilən şəxs uzun müddət Bakı şəhərində “Avtobaza”nın, “Taksi Park”ın və Təchizat idarəsinin müdiri vəzifələrində çalışıb.
Onun iki oğlu və bir qızı var.
İstintaq orqanı tərəfindən Ceyhun Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.