Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağçay çayının Xaçmaz rayonu, Şıxhaput kəndi ərazisindən keçən hissəsində baş vermiş sel nəticəsində bir nəfər vətəndaşın minik avtomobilində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yağan güclü yağışlarla əlaqədar Ağçay çayının Xaçmaz rayonu, Şıxhaput kəndinin ərazisindən keçən hissəsində suyun səviyyəsinin sürətlə qalxması səbəbindən Xaçmaz rayon sakini 1971-ci il təvəllüdlü Dadaşov Namiq Akif oğlunun idarə etdiyi “Niva” markalı minik avtomobili çayda qalıb və nəticədə vətəndaş nəqliyyat vasitəsində həyati təhlükəli vəziyyətə düşüb.
Mərkəzin xilasediciləri operativ olaraq xüsusi xilasetmə vasitələrindən istifadə etməklə vətəndaşı çaydan çıxararaq xilas ediblər.