16 Dekabr 2014 14:29
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bələdiyyə seçkilərinə sayılı günlər qala siyasi partiyalar aktiv təbliğat aparırlar. Partiyalar bələdiyyə seçkilərindən dərhal sonra 2015-ci ildə keçiriləcək parlament seçkilərində də aktiv fəaliyyət göstərmək niyyətindədirlər.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) artıq parlament seçkilərinə hazırlıq tarixini açıqlayıb.

“Parlament seçkilərinə gələn ilin fevralından başlayacağıq”

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun sözlərinə görə, hazırda bələdiyyə seçkilərinin ən gərgin vaxtıdır: “Hazırda rayon və şəhərlərin hamısında YAP-ın bələdiyyələrə namizədlərinin seçicilərlə görüşləri keçirilir. Gənclərlə, ilk dəfə bələdiyyələrə namizədliyini verən şəxslərlə və təhsil işçiləri ilə görüşlər planlaşdırılır.

Bütün işləri yekunlaşdırdıqdan sonra yanvar ayında təhlil aparılacaq. Təhlillər bitəndən sonra İdarə Heyətində parlament seçkilərilə bağlı proqramımız təsdiq olunacaq. Seçkilərinə hazırlığa gələn ilin fevral ayından başlayacağıq. Daha sonra ictimaiyyətə geniş məlumatlar verəcəyik”.

“Gənclərə üstünlük veriləcək”

Onun sözlərinə görə, parlament seçkilərində gənclərin və qadınların namizədliyinə üstünlük veriləcək: “2010-cu il seçkilərində YAP-ı təmsil edən qadınların və gənclərin sayı əvvəlki seçkilərdən çox idi. Növbəti seçkilərdə də qadınların və gənclərin namizədliyinin irəli sürülməsinə çalışacağıq”.

“Yanvardan hazırlığa start verəcəyik”

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı qeyd edib ki, hazırda partiyanın 300-ə yaxın namizədi bələdiyyə seçkilərində qeydə alınıb və hazırda namizədlərin təbliğat-təşviqat mərhələsini aparılır: “BAXCP yarandığı ilk gündən indiyə kimi bütün seçkilərdə iştirak edib. Biz 2015-ci il parlament seçkilərinə bələdiyyə seçkiləri bitdikdən dərhal sonra start verəcəyik. Parlament seçkilərinə BAXCP çox ciddi şəkildə qatılacaq və bu seçkilərdə gözləntilərimiz çoxdur. Artıq seçkiyə bir ildən də az vaxt qalıb, indiki mərhələdə parlament seçkilərinə tək və ya hansısa blokla getməyimizi söyləmək tezdir. Xatırladım ki, son parlament seçkilərində BAXCP 4 partiyanın birləşdiyi “İslahatçı” seçki bloku ilə qatılmışdı”.

ALP seçkiyə indidən hazırlaşır

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxanın sözlərinə görə, rəhbərlik etdiyi partiya indidən parlament seçkilərinə hazırlaşır: “Parlament seçkilərinə daxili təşkilatlanma formasında hazırlaşırıq. Sorğu aparırıq ki, kim hansı dairədən namizəd kimi iştirak etmək istəyir”.

Onun fikrincə, nəzəri baxımdan seçkilərə blok formasında qatılmaq mümkündür: “Seçkilərə 1 il müddət qalıb, bu barədə dəqiq bir söz demək çətindir”.

Partiya lideri Lalə Şövkətin mandat uğrunda mübarizə aparıb-aparmayacağına gəlincə, Ə.Temirxan vurğulayıb ki, Lalə Şövkət parlament karyerasına keçmişdə qalmış mərhələ kimi baxır: “Hər halda proporsional seçki sistemi bərpa olunsa, namizədliyini verə bilər. Amma mojaritar qaydada seçkilərdə iştirak edəcəyinə inanmıram. Əlbəttə, seçimi özü deyəcək”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər