25 Dekabr 2014 17:27
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan dinamik inkişaf edən ölkə statusunu daha da möhkəmləndirib"

Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun 2014-cü ilin yekunları ilə bağlı AzərTAc-a müsahibə verib. Teleqraf.com həmin müsahibəni təqdim edir.

- Əli müəllim, başa çatmaqda olan 2014-cü ili Azərbaycan üçün uğurlu il kimi qiymətləndirmək olarmı?

- Şübhəsiz. Hesab edirəm ki, 2014-cü il də Azərbaycanın müstəqillik tarixində uğur və nailiyyətlərlə zəngin növbəti il kimi öz layiqli yerini tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxşaxəli, balanslı və düşünülmüş siyasi kursu əvvəlki illərdə olduğu kimi, bu il də ölkəmizin dinamik sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edib.

2014-cü ildə də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun daha da gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Bu məqsədlə istehsal obyektlərinin və iş yerlərinin yaradılması, iqtisadi və sosial infrastrukturun qabaqcıl standartlara uyğun yenidən qurulması, regional inkişaf, şəhər, qəsəbə və kəndlərin simasının müasirləşdirilməsi prosesi davam etdirilib və artıq demək olar ki, yekun mərhələyə qədəm qoyub.

Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də sosial yönümlü siyasət həyata keçirilib, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, vətəndaşları narahat edən problemlərin həlli, onların istək və arzularının qarşılanması daim dövlətin diqqət mərkəzində olub, bu sahədə ardıcıl tədbirlər görülüb.

Başa çatmaqda olan bu il eyni zamanda enerji strategiyasının yeni konturlarının müəyyənləşdirilməsi və həyata keçirilməsi, həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun yüksəlməsi baxımından mühüm il olub.

Azərbaycan regionda və dünyada humanitar mərkəz statusunu daha da möhkəmləndirib, multikulturalizm ideyasının təşviqinə, dinlərarası və millətlərarası dialoqun inkişaf etdirilməsinə öz dəyərli töhfəsini verib. Təsadüfi deyil ki, bu gün Azərbaycan bütün dünyada milli və dini tolerantlıq məkanı kimi tanınır.

Azərbaycanın xarici siyasəti müəyyən olunmuş strategiya əsasında həyata keçirilib və dövlətin suveren hüquqlarının, milli maraqlarının təmin edilməsinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinə, habelə ölkənin ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişaf etdirilməsinə yönəlib. Birmənalı demək olar ki, Azərbaycan öz müstəqil, balanslı siyasəti, beynəlxalq təşkilatlarda fəal iştirakı ilə seçilib, xarici aləmlə əməkdaşlıq əlaqələrini inkişaf etdirib və nüfuzunu artırıb.

Ümumilikdə, 2014-cü ildə Azərbaycan müstəqil, güclü və dinamik inkişaf edən ölkə statusunu daha da möhkəmləndirib.

- 2014-cü ildə ölkəmizin sosial-iqtisadi inkişafını necə qiymətləndirərdiniz və sizcə, bu sahədə hansı uğurları xüsusi qeyd etmək olar?

- Artıq 10 ildir ki, Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə dünyada lider ölkələr sırasındadır. Təqdirəlayiq haldır ki, bu dinamika 2014-cü ildə də qorunub saxlanıb, üstəlik bəzi istiqamətlərdə daha ciddi artım müşahidə olunub.

İlk növbədə qeyd edilməlidir ki, bu il Azərbaycanın dövlət büdcəsi təxminən 25 milyard dollar səviyyəsində olub və Cənubi Qafqazın ümumi büdcəsinin 76 faizini təşkil edib. Cari ilin 10 ayı ərzində ümumi daxili məhsul (ÜDM) istehsalı 2,8 faiz, qeyri-neft sektoru isə 6,6 faiz artıb. Son illər qeyri-neft sektorunda müşahidə olunan sürətli artım əyani şəkildə təsdiq edir ki, iqtisadi sahədə qarşıya qoyulmuş strateji vəzifələr tam həcmdə yerinə yetirilir. Ölkəmizin valyuta ehtiyatları 53 milyard dollar səviyyəsinədək yüksəlib. Bu gün Azərbaycanın xarici borclarının ÜDM-ə nisbəti cəmi 8,5 faiz səviyyəsindədir ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab edilir.

Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, həyata keçirilən siyasətin, görülən bütün işlərin başlıca məqsədi Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsidir. Bu ilin ötən dövrü ərzində işsizliyin səviyyəsi 5,2 faizə, yoxsulluq isə 5 faizə düşüb ki, bu göstəricilərə görə Azərbaycan dünyanın inkişaf etmiş bir çox ölkəsini belə geridə qoyub. Statistikaya əsasən, son 10 ayda əhalinin gəlirləri 4,7 faiz artaraq 33,6 milyard manat olub. Əhalinin hər bir nəfərinə düşən gəlir 3,4 faiz çoxalaraq 3 600 manata, orta aylıq əmək haqqı isə 5,5 faiz yüksələrək 450 manata çatıb. İnflyasiya cəmi 1,5 faiz təşkil etməklə əhalinin gəlirlərindən bir neçə dəfə aşağı olub. Bu isə bilavasitə göstərir ki, makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində görülən tədbirlər çox yaxşı nəticə verir.

Bildiyiniz kimi, 2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilib. Bundan əsas məqsəd sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin inkişaf etdirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb olunması, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafının təmin edilməsidir. Cari ildə sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr potensialının inkişaf etdirilməsi, müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı işlər həyata keçirilib, 200-dək, o cümlədən 40-dan çox orta və iri sənaye müəssisəsi açılıb. Ümumilikdə, son 10 ildə sənaye istehsalı 2,7 dəfə artıb.

Azərbaycanda mövcud olan əlverişli sərmayə mühiti dinamik iqtisadi inkişafı şərtləndirən əsas amillərdən biridir. Bu ilin 9 ayında ölkə iqtisadiyyatına 19 milyard dollar sərmayə qoyulub, nəticədə yüzlərlə yeni istehsal obyekti yaradılıb, nəhəng infrastruktur layihələri davam etdirilib, bir çox mühüm layihələr isə başa çatdırılıb. Onların arasında Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksini, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin bərə terminalını, “Arpaçay-1” və “Arpaçay-2” su elektrik stansiyalarını, Taxtakörpü və Şəmkirçay su anbarları və digər bu kimi böyük obyektləri xüsusi qeyd etmək olar. Həmçinin hazırda Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası, “Ağ Şəhər” və s. nəhəng layihələrin icrası davam etdirilir. Cari ildə Prezident İlham Əliyev çoxsaylı istehsal, emal, təhsil, səhiyyə, mədəniyyət, istirahət, yol-nəqliyyat və digər obyektlərin açılışında iştirak edib.

Bütün bu layihələrin arasında illik yükaşırma imkanı 25 milyon ton yük və bir milyon konteyner olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsinin strateji əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Çünki Azərbaycan hökumətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri əlverişli coğrafi mövqeyə malik olan ölkəmizin tranzit potensialının inkişaf etdirilməsidir. Hesab edirəm ki, ötən ilin sentyabrında istifadəyə verilmiş Gəmiqayırma zavodu, gələn il başa çatdırılması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu və Beynəlxalq Dəniz Ticarət Limanı Asiya ilə Avropa arasında yükdaşıma sahəsində Azərbaycanın tranzit imkanlarını tam realizə etməyə imkan yaradacaq.

Cari ildə regionların, Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar tədbirlər davam etdirilib, bölgələrdə yüzlərlə iqtisadi, sosial, mədəniyyət və infrastruktur obyektləri istifadəyə verilib, aparılan quruculuq və abadlıq işləri nəticəsində şəhər və rayonların siması müasirləşib. Qarşıdan gələn növbəti 2-3 il ərzində bu proqramlar çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur layihələrinin başa çatdırılması nəzərdə tutulur. Regionlarda 82 mini daimi olmaqla 100 mindən artıq yeni iş yeri yaradılıb. Ümumilikdə, son 10 ildə açılan iş yerlərinin sayı 1,3 milyona çatıb.

2014-cü ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər davam etdirilib. Ağdam rayonu ərazisində 632 ailəlik, Hacıqabulda 101 ailəlik, həmçinin Gəncədə və Beyləqanda yeni və müasir qəsəbələrin məskunlaşdırılması prosesi yekunlaşıb. Ümumiyyətlə, 2001-2014-cü illər ərzində bütün sosial-texniki infrastruktura malik 89 müasir qəsəbə salınıb, 220 min qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

2014-cü ildə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları, kosmik sənaye uğurla inkişaf edib. Dekabrın əvvəlində “Bakutel 2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində "Azersky" müşahidə peyki "Azərkosmos" ASC-yə təhvil verilib. Bu, artıq Azərbaycanın orbitə çıxarılmış ikinci peykidir. "Azersky" peykinin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi və digər geniş tətbiq sahələri var.

Təsadüfi deyil ki, "Standard & Poor's", "Fitch Ratings", “Moody’s” kimi dünyanın aparıcı beynəlxalq reytinq agentlikləri ölkəmizə verilən investisiya səviyyəli kredit reytinqlərini bir daha təsdiqləyiblər. Dünya İqtisadi Forumunun qlobal rəqabətlik indeksində Azərbaycan 144 ölkə arasında 38-ci yerə yüksəlib və ardıcıl olaraq 5 ildir ki, MDB ölkələri arasında birinciliyi əldə saxlayır.

- 2014-cü ili həm də Azərbaycanın enerji strategiyasının həyata keçirilməsi baxımından uğurlu il adlandırmaq olarmı?

- Bu il sentyabrın 20-də 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin 20 ili tamam oldu. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın milli inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi “Əsrin müqaviləsi” ilə başlanan enerji siyasəti dövlət müstəqilliyinin təmin olunması, gələcək inkişafın əsaslarının formalaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. İmzalanmış sazişlər həmin dövrdə mürəkkəb ictimai-siyasi proseslərin cərəyan etdiyi Azərbaycanda sabitliyin bərqərar edilməsi, cəmiyyətin potensialının vahid məqsəd uğrunda səfərbər olunması üçün ciddi zəmin yaratdı. Dünyanın aparıcı şirkətləri Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının istismarına cəlb edildi, neftin dünya bazarlarına çıxarılması üçün marşrutlar müəyyənləşdirildi və qısa müddətdə Azərbaycanın inkişafını təmin edəcək mühüm işlər görüldü. Əminliklə demək olar ki, “Əsrin müqaviləsi” müstəqil Azərbaycanın bugünkü uğurlarının təməlində duran qlobal miqyaslı iqtisadi və siyasi hadisə olub.

Əlamətdar hadisədir ki, 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20 illik yubileyində müxtəlif dövlət və hökumət başçılarının, rəsmi şəxslərin və nüfuzlu şirkət rəhbərlərinin iştirakı ilə digər nəhəng transmilli layihənin - “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirildi. Məlumdur ki, 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalandı. Bundan sonra 2012-ci ildə Türkiyə ilə Trans-Anadolu (TANAP) qaz layihəsinə dair saziş bağlandı, 2013-cü ildə isə Trans-Adriatik (TAP) layihəsi əsas ixrac marşrutu kimi müəyyən edildi. Bütün bunlar 2013-cü il dekabrın 17-də “XXl əsrin layihəsi” adlandırılan “Şahdəniz-2” layihəsinə dair yekun investisiya qərarının qəbul edilməsinə şərait yaratdı.

“Şahdəniz-2” və “Cənub” qaz dəhlizi layihələri Azərbaycanın neft strategiyasına yeni nəfəs verməklə yanaşı, həm də dünyanın enerji xəritəsini dəyişdirəcək və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yeni bir vəziyyətin yaranmasına səbəb olacaq.

- Ekspertlər dünyada neftin qiymətinin sürətlə ucuzlaşmasının bəzi enerji resursları hasilatçısı və ixracatçısı olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərəcəyini proqnozlaşdırırlar. Bu vəziyyət Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

- Neftin qiymətinin kəskin aşağı düşməsi və bu tendensiyanın bir neçə ili əhatə etməklə davamlı xarakter daşıması iqtisadiyyatı tamamilə enerji amilindən asılı olan ölkələrin iqtisadiyyatına çox ciddi mənfi təsir göstərə bilər. Təbii ki, enerji ixracatçısı kimi Azərbaycanın da bundan ziyan çəkməsi istisna edilməməlidir. Çünki Azərbaycan iqtisadiyyatında enerji amili hələ də böyük rol oynayır və neftin qiymətinin ucuzlaşması əldə olunan milli gəlirin səviyyəsinə təsir edir. Bununla yanaşı, bir çox digər enerji ixracatçısı olan ölkələrlə müqayisədə, Azərbaycanın nəzərəçarpacaq üstünlükləri də var ki, ölkə iqtisadiyyatını ciddi neqativ təsirdən sığortalayır.

İlk növbədə qeyd edilməlidir ki, son 10 ildə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı şaxələndirilib və qeyri-neft sektorunun sürətli inkişafı təmin edilib. Artıq bir neçə ildir ki, ÜDM istehsalında qeyri-neft sektorunun çəkisi 50 faizdən çoxdur və 2014-cü ildə bu nisbət 59 faizə çatıb.

Digər tərəfdən, Azərbaycan kifayət qədər böyük valyuta ehtiyatlarına malikdir və buna görə də iqtisadiyyatda və büdcə təminatında hər hansı fors-major vəziyyət yarana bilməz.

Təcrübə də göstərir ki, Azərbaycanın unikal iqtisadi modeli ən mürəkkəb hallarda belə makroiqtisadi sabitliyin və stabil iqtisadi artım templərinin qorunub saxlanmasını təmin edir. 2008-ci ildə başlanmış və bir neçə il davam edən ümumdünya iqtisadi böhranı zamanı Azərbaycan iqtisadiyyatında müşahidə olunan artım da bunu təsdiqləyir. Yeri gəlmişkən, həmin dövrdə də neftin qiyməti kəskin aşağı düşmüş və bir barelinə görə 30-40 dollar təşkil etmişdi.

Əksər ekspertlərin rəyinə əsasən hazırda neftin qiymətinin enməsi bir tərəfdən dünyanın aparıcı ölkələrində iqtisadi artım səviyyəsinin aşağı düşməsi və enerjiyə olan tələbatın azalması ilə izah edilirsə, digər tərəfdən də bu halın süni xarakter daşıdığı və müəyyən siyasi məqsədlərə hesablandığı vurğulanır. Onların qənaətinə görə, bu proses davamlı xarakter daşıya bilməz və bir müddət sonra neft bazarında qiymətlərin stabilləşməsi müşahidə olunacaq.

Bütün bunları nəzərə alaraq birmənalı şəkildə demək olar ki, hazırda dünya iqtisadiyyatında və enerji bazarında müşahidə olunan meyillər Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, əhalinin sosial durumuna mənfi təsir göstərməyəcək. Əksinə, Azərbaycan hökuməti qarşıdan gələn dövrdə də iqtisadi artımın təmin edilməsi üçün müvafiq tədbirlər görmək əzmindədir.

- Başa çatmaqda olan ildə ölkəmiz xarici siyasət sahəsində hansı uğurlara nail oldu?

- Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə çoxşaxəli, balanslaşdırılmış xarici siyasət kursu həyata keçirərək beynəlxalq aləmə uğurla inteqrasiya olunub, region və dünya ölkələri ilə səmimi, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələr qurub. Həmin dövrdə əsası qoyulmuş təməl üzərində yaradılan bugünkü böyük iqtisadi potensial, toplanmış maliyyə resursları, cəmiyyətin həyatının bütün sahələrinin dinamik inkişafı, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin uğurla həll edilməsi bu gün Azərbaycana imkan verir ki, tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürütsün. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin məntiqi nəticəsidir ki, dünyada Azərbaycanın tərəfdaşlarının, bizə dost ölkələrin sayı getdikcə artır. Azərbaycan regionun aparıcı ölkəsi olmaqla yanaşı, dünyada sözü eşidilən, mövqeyi nəzərə alınan güc amilinə çevrilir, qlobal məsələlərin həllinə cəlb olunur. Bu mənada Azərbaycan 2014-cü ildə də beynəlxalq aləmdə öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib, üzv və tərəfdaş olduğu beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə əməkdaşlıq əlaqələrini dərinləşdirib.

Bu ilin may ayından başlayaraq Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edib. Azərbaycan bu müddətdə korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet istiqaməti seçib, demokratiya, təhlükəsizlik, dinlərarası dialoq məsələlərinə geniş diqqət ayırıb, bir sıra səmərəli təşəbbüslərlə çıxış edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçinin təyin olunması, Azərbaycanın haqq səsinin Avropa ictimaiyyətinə çatdırılması, Avropada rolunun, nüfuzunun artması və digər məsələlər ölkəmizin 6 ay müddətində bu nüfuzlu qurumun ali orqanına rəhbərliyi dövründə əldə etdiyi uğurlardır.

Bu ilin iyununda Bakıda 300-dən artıq deputatın iştirakı ilə ATƏT Parlament Assambleyasının sessiyası keçirilib. Sessiyada qəbul olunmuş Bakı Bəyannaməsində ölkələrin sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü prinsipi bir daha vurğulanıb.

Qeyd edilməlidir ki, son illər Azərbaycan tam müstəqil siyasət yürüdən dövlət kimi beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazanıb. 2011-2012-ci illərdə ölkəmizin BMT Təhlükəsizlik Şurasında təmsil olunması və ümumilikdə iki ay müddətində həmin ali quruma sədrlik etməsi, bu il isə Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik etməsi bu nüfuzun əyani göstəriciləridir. Təsadüfi deyil ki, Azərbaycan 2015-ci ildə Türkiyədə keçiriləcək “Böyük 20-lik” (G20) ölkələrinin toplantısına dəvət alıb.

Eyni zamanda, müstəqil siyasət Azərbaycana imkan verir ki, öz milli maraqlarını daha effektiv müdafiə etsin, müxtəlif xarici qüvvələrin ölkənin daxili işlərinə qarışmaq, öz iradəsini diqtə etmək cəhdlərinə tutarlı və layiqli cavab versin.

- Əli müəllim, bu kontekstdə ayrı-ayrı dövlətlərin, xarici təşkilatların Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı iddialarını necə qiymətləndirmək olar?

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, biz beynəlxalq təşkilatlarla və dünya ölkələri ilə münasibətlərimizi qarşılıqlı hörmət, etimad, səmərəli əməkdaşlıq prinsipləri üzərində qururuq və xarici siyasətimizdə bu prinsiplərin yerinə yetirilməsinə çalışırıq. Bir-birinin daxili işlərinə müdaxilə etməmək ayrı-ayrı ölkələrlə əməkdaşlığımızın başlıca şərtləri sırasına daxildir.

Azərbaycan qanunun aliliyinin təmin olunduğu, hüquqi və demokratik ölkədir. Azərbaycanda hər kəsin fikir, söz və məlumat azadlığı təmin edilib, vətəndaş cəmiyyəti institutlarının, müstəqil medianın fəaliyyəti üçün zəruri şərait yaradılıb. Hazırda Azərbaycanda yüzlərlə QHT, media orqanı heç bir maneə olmadan, tam sərbəst şəkildə fəaliyyət göstərir.

Azərbaycan hökumətinin əsas tələbi ondan ibarətdir ki, inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da QHT-lərin və medianın fəaliyyətində demokratik azadlıqlardan sui-istifadə hallarına yol verilməsin və bu sahədə qanunların aliliyi təmin olunsun. Nə Azərbaycan qanunlarında, nə də beynəlxalq qanunvericilikdə konkret cinayət əməli törətmiş hər hansı peşə sahibi ilə bağlı xüsusi imtiyaz nəzərdə tutulmayıb. Hər bir demokratik ölkədə olduğu kimi, Azərbaycanda da məhkəmələr qərar çıxararkən ayrı-ayrı siyasi dairələrin, fərdlərin iddialarını, arzu və istəklərini deyil, qanunun aliliyini əsas götürürlər.

Buna görə də hesab edirik ki, son zamanlar ABŞ və Avropa İttifaqının müəyyən dairələrinin, bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı yürütdüyü qərəzli, ikili standartlar siyasəti artıq bütün etik çərçivəni aşıb və tərəfdaşlıq münasibətlərinə sığmayan, qarşılıqlı əməkdaşlıq prinsipinin ruhuna zidd, dözülməz hal alıb. Bəzi ölkələrin rəsmi şəxsləri, bir sıra media orqanları və vətəndaş cəmiyyəti institutları sanki mikroskop altında Azərbaycanda problemlər axtarır, öz fəaliyyətlərini büsbütün ölkəmizə qarşı qərəzli kampaniyalar təşkil etməyə yönəldirlər. Halbuki, həmin ölkələrin özlərində insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, dini və irqi ayrı-seçkilik və digər məsələlərlə bağlı ciddi problemlər var. Məsələn, ABŞ-ın Ferqyuson şəhərində qaradərili gəncin polis tərəfindən qətlə yetirilməsindən sonra başlanan gərginlik özünü “demokratiyanın beşiyi” kimi qələmə verən bu ölkədə insan haqları sahəsində çox ciddi çatışmazlıqların olduğunu üzə çıxardı. Dinc etiraz aksiyalarının zor tətbiq etməklə dağıdılması, peşə borcunu yerinə yetirən jurnalistlərin döyülməsi və həbsi, hüquq müdafiəçilərinin təzyiqlərə məruz qalması və digər bu kimi hallar ABŞ-da insan hüquqlarına necə “hörmətlə” yanaşıldığını əyani şəkildə göstərdi. Analoji hallar həm də Avropanın bir çox inkişaf etmiş ölkələrində özünü büruzə verir. Ksenofobiya, dini və irqi ayrı-seçkilik, islamofobiya bir çox Avropa ölkəsi üçün səciyyəvi hallardır. Buna görə də hesab edirik ki, öz ölkələrində ciddi problemləri “görməyənlər”in Azərbaycana barmaq uzatmağa və yeri gəldi gəlmədi bizi tənqid etməyə haqları yoxdur.

Biz üzv olduğumuz beynəlxalq təşkilatların haqlı iradlarını həmişə nəzərə alırıq, göstərilən nöqsanları aradan qaldırmağa çalışırıq. Harada tənqidlər qərəzli xarakter daşıyır və Azərbaycanın maraqlarına zərbə vurmaq məqsədi güdürsə, həmin tənqidlərin qəbul olunmazlığı açıq şəkildə ifadə edilir. Azərbaycan heç bir halda özünün dövlət və milli maraqlarını ayrı-ayrı beynəlxalq təşkilatların və ya ölkələrin istək və arzularına qurban vermək niyyətində deyil. Onlar anlamalıdırlar ki, Azərbaycan müstəqil dövlətdir, öz siyasətini xalqın iradəsinə, milli maraqlara uyğun şəkildə həyata keçirir və bundan sonra da bütün təzyiq və təhdid cəhdləri, qeyri-diplomatik ritorika heç bir nəticə verməyəcək və bütün əsassız iddialar adekvat şəkildə cavablandırılacaq.

- 2014-cü ili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından necə qiymətləndirirsiniz? Bu il bir tərəfdən yüksək səviyyədə danışıqlar prosesi davam etdirildi, digər tərəfdən isə qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi müşahidə olundu.

- Təəssüf ki, 2014-cü ildə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret irəliləyiş müşahidə olunmadı. Bunun da başlıca səbəbi odur ki, Ermənistan rəhbərliyi öz ənənəsinə uyğun şəkildə qeyri-konstruktiv mövqeyini davam etdirərək bütün səylərini mövcud status-kvonu qoruyub saxlamağa yönəldir. Hesab edirəm ki, Ermənistan rəhbərliyi qoşunların təmas xəttində təxribatlar təşkil etməklə beynəlxalq ictimaiyyətin diqqətini məsələnin mahiyyətindən yayındırmağa və onu münaqişənin müxtəlif neqativ təzahürləri üzərində fokuslaşdırmağa cəhd göstərir.

Avqust ayında erməni təxribatçı qrupların basqın cəhdləri qabaqcadan planlaşdırılmış aksiya olsa da, onlar qarşılarına qoyduqları məqsədə nail olmamış və ciddi itkilər verərək geri çəkilmişlər. Şübhəsiz, Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı qondarma rejim daxildə ictimai narazılığın artacağını və cəmiyyətin ciddi təzyiqlərinə məruz qalacaqlarını bildiklərindən, öz itkilərinin miqyası barədə obyektiv informasiya verməkdən çəkindilər. Bununla yanaşı, erməni işğalçıları bir daha Azərbaycan Silahlı Qüvvələrinin gücünü və yüksək döyüş qabiliyyətini gördülər və əmin oldular ki, onların qarşısında peşəkar, ən müasir silahlarla təchiz olunmuş döyüşkən nizami ordu dayanıb. Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur və qarşısına qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir.

Məlumdur ki, məhz bu gərginlikdən sonra avqustun 9-10-da Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçi şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirildi. Doqquz aydan sonra ölkə rəhbərləri səviyyəsində birbaşa təmasların bərpa olunması, habelə digər formatlarda keçirilən görüşlər Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin nizamlanma prosesinə öz müsbət təsirini göstərəcəyi ilə bağlı ümidləri artırdı. Bundan başqa, oktyabrın 27-də Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri növbəti dəfə görüşdülər. Cənab Olland da hazırkı status-kvonun qəbuledilməz olduğunu qeyd etməklə tərəfləri böyük sülh sazişinə dəvət etdi.

Ancaq danışıqlardan dərhal sonra Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində, qoşunların təmas xəttinin yaxınlığında hərbi təlimlərə başlaması, bu təlimlərə 40 mindən artıq hərbçinin, ağır texnikanın cəlb edilməsi bir daha əyani şəkildə göstərdi ki, Ermənistan rəhbərliyi danışıqlar prosesinin konstruktiv məcrada davam etdirilməsində maraqlı deyil və sülhə aparan istənilən addımı, təşəbbüsü əngəlləmək niyyətindədir. Üstəlik, təlimlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin bölmələrini təxribata çəkmək cəhdləri də müşahidə olundu ki, bu da Ermənistan ordusuna məxsus hərbi vertolyotun vurulması ilə nəticələndi.

Bütün bunları nəzərə alaraq, birmənalı şəkildə demək olar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyə kimi həll olunmamasının başlıca səbəblərindən biri də beynəlxalq birlik tərəfindən işğalçı Ermənistana qarşı ciddi sanksiyaların tətbiq edilməməsidir. Bu gün Ukrayna hadisələri fonunda bu ölkənin separatçı bölgələrinə, Krıma və Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ilk növbədə 1992-ci ildən BMT-nin qəbul etdiyi dörd qətnamənin icrasını qulaqardına vuran işğalçı Ermənistana və separatçı Dağlıq Qarabağ rejiminə şamil edilməli idi. Ermənistana qarşı təzyiqlər və sanksiyalar həm də bütün regionda təhlükəsizliyin təmin olunması üçün vacibdir. Üstəlik, dünyada analoji halların təhlili təsdiq edir ki, təcavüzkarı dayandırmağın ən effektli yolu ona qarşı təsirli praktiki tədbirlərin görülməsindən keçir. Beynəlxalq aləm, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər, BMT Təhlükəsizlik Şurası başda olmaqla bütün aparıcı beynəlxalq təşkilatlar mövcud vəziyyətə diqqəti artırmalı və regionda qarşıdurmanın yenidən alovlanmaması üçün Ermənistanı destruktiv fəaliyyətdən çəkindirəcək real tədbirlər görməlidirlər.

- Həmin insidentlər eyni zamanda Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsini aktuallaşdırdı və Azərbaycan Prezidenti müvafiq Sərəncam da imzaladı. Bu sahədə görülən işlərlə bağlı nə deyə bilərsiniz?

- Hesab edirəm ki, Azərbaycan ictimaiyyəti Ermənistanın vəziyyəti gərginləşdirmək cəhdlərinə birmənalı olaraq düzgün yanaşma nümayiş etdirdi. Bu da cəmiyyətimizdə həmrəyliyin, müxtəlif xarici təzyiq, təhdid və təxribatlara qarşı vahid mövqeyin olduğunu göstərdi. Bir daha sübut olundu ki, heç bir problem Azərbaycanda mövcud milli birliyi sarsıtmaq gücündə deyil.

Eyni zamanda, etiraf olunmalıdır ki, avqustda qoşunların təmas xəttində yaranmış gərginliklə bağlı bir çox internet media resursları qeyri-adekvat, anlaşılmaz mövqe tutdular. Məhz bu resurslar yanlış, qeyri-obyektiv informasiyaların mənbəyinə çevrildilər, bəzi hallarda isə bilərəkdən və ya bilməyərəkdən erməni mediasının təxribat xarakterli məlumatlarını Azərbaycan ictimai rəyinə daşıyaraq cəmiyyətdə çaşqınlıq, ruh düşkünlüyü yaratmağa xidmət etdilər. Bununla yanaşı, bəzi siyasi qruplar, onların nəzarətində olan azsaylı QHT-lər və media öz ənənələrinə sadiq qalaraq, anti-milli mövqe tutdular, erməni təbliğatının ruporu qismində çıxış etdilər, əsas hədəf kimi düşmən ölkəni deyil, Azərbaycan hakimiyyətini seçdilər.

Mövcud vəziyyət cəmiyyətin informasiya təhlükəsizliyi məsələsini bir daha aktuallaşdırdı və bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri etdi. Avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə dövlət orqanlarının mətbuat xidmətlərinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirildi. Həmin tədbirdə informasiya təhlükəsizliyi ilə bağlı hazırkı durum hərtərəfli təhlil edildi, mövcud problemlər və onlardan çıxış yolları göstərildi.

Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncam imzaladı və cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı qarşıda duran vəzifələr, həyata keçiriləcək tədbirlər müəyyənləşdirildi. Sərəncamdan dərhal sonra müvafiq dövlət orqanları tədbirlər planı hazırlayaraq həyata keçirməyə başlayıblar. Lazımi vəsaitlər və təlimatlar hazırlanır, maarifləndirmə işləri və müzakirələr aparılır. Hesab edirik ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi nəticəsində informasiya təhlükəsizliyi sahəsində mövcud çatışmazlıqlar aradan qaldırılacaq.

- Əli müəllim, 2014-ci il Azərbaycan cəmiyyəti və ölkəmizin ictimai-siyasi həyatında daha hansı əlamətdar hadisələrlə yadda qaldı?

- Cəmiyyət həyatında mühüm hadisələrdən biri kimi bu il keçirilmiş bələdiyyə seçkilərini göstərmək olar. Seçkilər demokratik, şəffaf, beynəlxalq standartlara uyğun, seçicilərin fəallığı şəraitində baş tutdu. Səsvermə günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək izlənilməsi məqsədilə respublika ərazisini tam əhatə etməklə, 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdı. Seçki prosesinin müxtəlif mərhələlərinin qanunauyğun şəkildə keçirilməsi üçün zəruri şərait təmin edilmişdi. Seçkilərdə 8 siyasi partiya iştirak etmiş, üzvləri seçkilərdə iştirak edən siyasi partiyaların sayı isə 30 olmuşdur. Ümumilikdə ölkə üzrə 1607 bələdiyyədə 15035 yerə 37077 nəfər namizədliyini irəli sürmüşdür ki, bu da həm əhali arasında bələdiyyələrə böyük maraq olduğunun, həm də rəqabətin yüksək olduğunun göstəricisidir. İlkin məlumata görə, seçici fəallığının 38,9 faiz olması da deyilənləri təsdiq edir.

Yerli və xarici müşahidəçilər seçki komissiyalarının fəaliyyətini, səsvermə prosesini, səslərin hesablanmasını müsbət qiymətləndirib və seçkilərin nəticələrinə təsir göstərə biləcək qanun pozuntularının müşahidə olunmadığını bəyan ediblər. Keçirilmiş exit-poll da seçkilərin nəticəsi ilə üst-üstə düşüb.

Bu il noyabrın 1-2-də müxtəlif ölkələri təmsil edən nüfuzlu dövlət xadimlərinin, dünya elminin parlaq simalarının, tanınmış şəxslərin iştirakı ilə keçirilmiş lV Bakı Beynəlxalq Humanitar Forumu həm regionda, həm də dünyada böyük maraqla qarşılanıb. Bu da bir daha təsdiq edir ki, Azərbaycan artıq dövrün aktual məsələlərinin müzakirə edildiyi ümumdünya səviyyəli humanitar mərkəz kimi qəbul olunur.

İl ərzində keçirilmiş XXl Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı , XlV Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi, XlV Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi, XXll Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, l Azərbaycan Beynəlxalq müdafiə sənayesi (“ADEX-2014”) sərgisi və dünyanın aparıcı şirkətlərinin iştirakı ilə keçirilmiş digər çoxsaylı tədbirlər həm müxtəlif sahələrdə Azərbaycanın zəngin potensialını nümayiş etdirməyə şərait yaradıb, həm də ölkəmizə böyük marağın olduğunu bir daha göstərib.

l Avropa Oyunlarına hazırlıq uğurla həyata keçirilir, Bakıda yeni, müasir idman arenaları tikilib istifadəyə verilir. Tədbirlə bağlı Azərbaycana gələcək idmançıların, turistlərin yerləşdirilməsi üçün müvafiq işlər görülür, təhlükəsizlik, nəqliyyat və digər vacib məsələlər kompleks şəkildə həll edilir. Əminliklə demək olar ki, l Avropa Oyunları müstəqil Azərbaycanın tarixində ən mühüm hadisələrdən biri olacaq və ölkəmizi dünyaya dinamik inkişaf edən, müasir dövlət kimi təqdim edəcək.

2014-cü ildə diqqətəlayiq hadisələrdən biri kimi Azərbaycanda iqtidar-müxalifət dialoqunun bərpa edilməsi və siyasi partiyaların rəhbərləri ilə görüşün keçirilməsi qeyd olunmalıdır. Bundan əvvəlki dövrdə vətəndaş cəmiyyəti institutları və media rəhbərləri ilə də görüşlər keçirilib, irəli sürülən təkliflər öyrənilib, ümumiləşdirilmiş və həlli mümkün olan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb. Azərbaycan hakimiyyəti siyasi opponentləri, qeyri-hökumət təşkilatları və media ilə konstruktiv dialoqa həmişə açıq olub və bundan sonra da bu siyasət davam etdiriləcək.

Hesab edirəm ki, 2014-cü ilin yekunları qarşıdan gələn 2015-ci ilə nikbinliklə baxmağa tam əsas yaradır. Azərbaycan iqtidarı xalqın dəstəyinə arxalanaraq gələcəkdə də üzərinə düşən vəzifələri ən yüksək səviyyədə həll etməyə, Azərbaycanı yeni, möhtəşəm uğurlara doğru aparmağa hazırdır.


Müəllif:

Oxşar xəbərlər