26 Dekabr 2014 16:34
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qabil Hüseynli: "Bu il hücum mövqeyində olduq"

"Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından 2014-cü ili uğursuz saymaq olar. Təəssüf ki, ATƏT-in Minsk Qrupu bu il də dişsiz təşkilat olduğunu sübut elədi. Həmsədrlərin bivecliyi ucbatından Ermənistan status-kvonu daha bir il uzada bildi. Quru və oxşar bəyanatlar, yalançı narahatlıqlar, formal sülh çağırışları hər il olduğu kimi yenə də təkrarlandı. Ermənistanın maraqlarına sərf edən belə bir imitasiyanın fonunda Azərbaycan sakit, cavabsız qalmadı. 2014-cü ildə biz hücum mövqeyində idik və İrəvanı bir an olsun belə rahat buraxmadıq".

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli 2014-cü ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımları dəyərləndirərkən bildirib. Onun sözlərinə görə, Azərbaycan başa vurmaqda olduğumuz bu ildə Böyük Sülh Planı üzərində işləməyə hazır olduğunu sübut edib: "Rusiya, Fransa prezidentlərinin, həmçinin ABŞ dövlət katibinin təşəbbüsü ilə iki ölkə prezidentləri 3 dəfə görüşüblər. Xarici işlər nazirləri səviyyəsində də xeyli görüşlər olub. Ermənistan prezidenti Sərkisyan və xarici işlər naziri Nalbandyanın ritork çıxışları deməyə imkan verir ki, ermənilər bütün sülh razılaşmalarını pozmaqda maraqlı görünürlər və gələcəkdə də bunu edəcəklər. Cəbhə xəttində ilin əvvəllərində müşahidə olunan nisbi sabitlik ilin sonlarına yaxın aradan qalxdı. Avqust ayında Azərbaycan hərbçilərinin qətlə yetirilməsi və noyabrda erməni helikopterinin vurulması göstərdi ki, müharibə hər an alovlana bilər. Ermənistanın müdafiə naziri Ohanyan mətbuata açıqlamasında 2014-cü ili "dəhşətli il" adlandırıb. Bunu deyərkən, o, helikopterin vurulmasını nəzərdə tutub. Azərbaycan helikopteri vurmaqla Ermənistanın yuxusuna haram qatdı və göstərdi ki, nə qədər ki, torpaqlar işğal altındadır, ermənilərə rahatlıq olmayacaq".

Q.Hüseynli hesab edir ki, 2014-cü ildə Azərbaycan hərbi qüdrətini nümayiş etdirmək üçün gözəl imkandan yararlandı: "Bütün dünya anlayır ki, Cənubi Qafqazın hərbi cəhətdən ən qüdrətli dövləti Azərbaycandır. Ermənistan Azərbaycanla hesablaşmağa məcburdur. Gec-tez onlar geri çəkiləcək, çünki mövqeləri ildən-ilə zəifləyir. 2014-cü ildə Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya münasibətləri yaxşılaşıb ki, bu da Ermənistanı narahat etməyə bilməz. İqtisadi cəhətdən güclü olan dövlət hərbidə də, siyasətdə də söz sahibi olacaq. Biz ildən-ilə bu prinsipi realizə edirik. Siz müşahidə aparsanız görərsiz ki, Ermənistan rəsmilərinin 2014-cü ilin əvvəllərində dediyi sözlərlə ilin ortalarında və sonunda səsləndirdikləri fikirlər arasında ciddi fərqlər, ziddiyyətlər var".

Politoloq hesab edir ki, 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə ümidlər çox azdır: "ABŞ prezidenti Barak Obamanın təşəbbüsü ilə 2015-ci ilin sonlarında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Bu, o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından 2015-ci il aktiv il olmayacaq. Həmsdər ölkələr Ermənistana təzyiqlər göstərmir, işğala məruz qalanla işğalçı arasında bərabərlik işarəsi qoyulur. Ukraynanın ərazisi Krımı anneksiya edən Rusiyaya qarşı sanksiyalar tətbiq edilir, separatçıların Avropaya girişinə qadağa qoyulub, amma Azərbaycanın ərazilərini işğal edənlərə Amerikada, Avropada "gözün üstə qaşın var" deyən yoxdur. Əksinə, onlara şərait yaradılır, bir masa arxasında əyləşib müzakirə aparırlar. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı biz Qərbdən ümidlərimizi üzməliyik. Azərbaycan yalnız öz gücünə etibar etməli, inanmalıdır".

Ayxan


Müəllif:

Oxşar xəbərlər