3 Mart 2023 10:57
300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda saxlanılan narkokuryerdən silah və 5 kiloqram heroin aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Elçin Əsədov Lənkəran rayonun Göyşaban kəndi ərazisində saxlanılıb.

Keçirilən baxış zamanı onun əlindəki bağlamadan 5 kiloqramdan artıq heroin, 1 ədəd “Makarov” tipli tapança, həmin silaha aid sandıqça və 8 ədəd patron aşkarlanaraq götürülüb.

İlkin araşdırma zamanı E.Əsədovun həmin narkotik vasitə və odlu silahı İranda yaşayan narkotacir vasitəsilə əldə etdiyi, pul müqabilində deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib.

Qeyd edək ki, Lənkəran şəhər rayon polis şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində son 20 gün ərzində ümumilikdə 28 nəfər saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılıb.


Müəllif: Hacı Zeynalov