Xızıda qadın qohumunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Xızı rayon prokurorluğu məlumat yayıb.
Hadisə mayın 13-ü Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində baş verib.
Aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.
Qeyd edək ki, Ləman Qurbanova şəhid Saleh Qurbanovun həyat yoldaşı olub.
Saleh Qurbanov 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl, Xocavənd və Laçın istiqamətində gedən döyüşlərdə savaşıb. Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
Saleh Qurbanov 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Saleh Qurbanov Prezident İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.