FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində keçirilən qapalı iclasda istintaq orqanın təqdimatı təmin edilib.
Təqsirləndirilən şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyev Cinayət Məcəlləsinin 204.3.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilirlər.
Qeyd edək ki, FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” adlanan mərkəzin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh olan Anar Əliyev saxlanılıb.
Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov və Anar Əliyevin FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddətdir təşkilatın təbliğatı apardıqları və gənclərin təşkilata üzv olmasını istiqamətində addımlar atdıqları müəyyən edilib.
FETÖ-nün idarələrində, mətbəələrində, təlim mərkəzlərində, yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib.
Bu əməliyyatlarla Azərbaycanda möhkəmlənməyə çalışan FETÖ-yə böyük zərbə vurulub. Əldə edilən məlumata görə, FETÖ ilə yaxın əlaqələri olan siyasi partiya liderlərindən biri də həbs edilib.
Qeyd edək ki, bu şəxslərin ifadəsi əsasında Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu da həbs edilib.
Qubad İbadoğlunun barəsində Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Daha sonra ona Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.