Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Rahib Lətifov, xuliqanlıqda ittiham olunan Qorxmaz Lətifov və Ramil Lətifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Rahib Lətifov 17 il azadlıqdan məhrum edilib.
Qorxmaz Lətifov və Ramil Lətifovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Onların hər ikisinə şərti cəza verilib.
Qorxmaz Lətifovun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Şərti cəza alan digər təqsirləndirilən Ramil Lətifov isə ibtidai istintaq və məhkəmə dövründə həbsdə olmayıb. Onun barəsində polis nəzarətində qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ötən ilin noyabrın 27-də, saat 21 radələrində Sabunçu qəsəbəsi ərazisində 1996-cı il təvəllüdlü İrşad Əliyevə və dostu 2000-ci il təvəllüdlü Fərid Əliyevə bıçaqla xəsarətlər yetirilməsi, yetirilmiş xəsarətlər nəticəsində Fərid Əliyevin xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişlərin tanışları Sabunçu qəsəbə sakinləri - Rahib, Ramil və Qorxmaz Lətifov qardaşları ilə Sabunçu qəsəbəsi, Müqtədir Aydınbəyov küçəsi 41 ünvanında yerləşən kafenin qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rahib Lətifov bıçaqla Fərid Əliyevə və İrşad Əliyevə xəsarətlər yetirib, Ramil Lətifov və Qorxmaz Lətifov isə silah qismində istifadə etdikləri vasitələrlə İrşad Əliyevə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
Rahib Lətifov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə), Ramil və Qorxmaz Lətifovlar isə Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə ittiham olunublar.