““907-ci” düzəliş onların hakimiyyəti dönəmində oldu”
“İsa Qəmbər uzun müddətdir siyasətdə olan adamdır, özü də bilir ki, ABŞ-ı Azərbaycandan çıxarmayıblar. Yaxşı olardı ki, İsa Qəmbər onun da təmsil olunduğu hakimiyyət dövründə Amerikanın Azərbaycana qarşı “907-ci” düzəliş sanksiyasını xatırlasın. O sanksiyalarla müqayisədə ABŞ-Azərbaycan arasındakı indiki münasibətlər heç də gərgin deyil”.
Bu sözləri hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Musa Quliyev Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin “ABŞ getmir, Azərbaycan hakimiyyəti onu ölkədən çıxarır. Qərb-ABŞ amili olmasa, Kreml təhlükəsi qarşısında Azərbaycan və digər yeni müstəqil dövlətlərin öz istiqlal haqqını qoruması həddindən artıq çətin olardı” fikirlərinə münasibət bildirərkən deyib.
“İsa Qəmbərin hakimiyyətdə olduğu dövrdə ABŞ-dan Azərbaycana sanksiyalar oldu”
Onun sözlərinə görə, İ.Qəmbərin bəlağətli fikirlərində qeyri-peşəkar oxucunu çaşdırmaq hissi duyulur: “Vaxtilə İsa Qəmbərin də hakimiyyətdə olduğu dövrdə sanksiyalar oldu, sonra Azərbaycan hökuməti də, ABŞ da öz yolunu davam etdirdi, münasibətlər də quruldu. Azərbaycan ABŞ-a deməli idi ki, mən səninlə bütün əlaqələri kəsirəm, niyə haqqımda belə ədalətsiz sanksiya tətbiq eləmisən? Elə şeylər var ki, dövlət və yüksək siyasət səviyyəsində onun üstündən ötüb keçmək olur. İki ölkə münasibətlərində hər ciddi olmayan məsələlərə ciddi münasibət göstərmək lazım deyil. ABŞ-Azərbaycan əlaqələri mətbuatda son zamanlar həddən artıq qeyri-peşəkar, şişirdilərək işıqlandırılır. Rəsmilərin münasibətindən çox mətbuat və mətbuata yaxın adamların münasibəti ortaya çıxır. Daha çox siyasi və hüquqi deyil, fantastik məzmun kəsb edir”.
YAP-çı deputat qeyd edib ki, ABŞ-Azərbaycan münasibətlərində xüsusi gərginlik yoxdur: “Biz ABŞ-la strateji partnyoruq. ABŞ-ın hansısa QHT-nin faəliyyətini dayandırması iki ölkə əlaqələrinin gərginləşməsi demək deyil. Azərbaycanın ABŞ-da səfirliyi var, eyni qaydada ABŞ-ın ölkəmizdə səfirliyi fəaliyyətini davam etdirir. Nə Azərbaycan, nə də ABŞ hökuməti maneçilik törədir, əksinə dəstək verir”.
“ABŞ-ı da, Kremli də cəlb edə biləcək dövlətik”
O əlavə edib ki, Azərbaycan hökuməti ölkəmizdə fəaliyyət göstərən istənilən qurumda yoxlamalar apara, orada çalışan işçilər barəsində hüquqi tədbirlər görə bilər: “Bu, tamamilə normal bir şeydir. Eyni zamanda ABŞ onun ölkəsində çalışan xarici QHT-yə, özəl quruma bu münasibəti göstərə bilər. ABŞ-ın hər hansı şirkətində çalışan yaxud onun dəstəklədiyi QHT-də işləyən bir adam müəyyən cinayət hadisəsinə görə həbs olunubsa, bu o demək deyil ki, iki ölkə arasında münasibətlər pozulub, gərginləşib. ABŞ-ın özünün də Azərbaycana münasibətində dövlət və milli maraqları var. Ölkəmiz hansısa dövlətlə münasibət quranda öz strateji və milli maraqlarını güdür. Bu, tamamilə normal şeydir. Siyasətdə həmişə daimi maraqlar olur və o maraqların da diqtə etdiyi qaydalarla oyunlar var. Biz ABŞ-a nəyə görəsə minnətdar yaxud Kremlə düşmən olmalıyıq kimi məsələnin qoyuluşunun tərəfdarı deyiləm. Biz özümüzə görə minnətdar olmalıyıq ki, güclü dövlətimiz, iqtisadiyyatımız, sabitliyimiz var və ABŞ-ı da, Kremli də cəlb edə biləcək dövlətik”.
“Rusiyada olan proseslər Azərbaycana təsir göstərir”
Rəsmi Kremllə münasibətlərə gəlincə, millət vəkili hesab edir ki, Rusiya bizimlə qonşu dövlət və strateji partnyordur: “Rusiyada olan proseslər istənilən halda Azərbaycana bu və ya digər dərəcədə öz təsirini göstərir. Azərbaycanın 2 milyona yaxın vətəndaşı, soydaşlarımız orada yaşayırlar, çalışırlar. Onların bir hissəsi Rusiyada vətəndaşlıq haqqı alıblar, o ölkənin siyasi-ictimai həyatında fəal iştirak edirlər, bir hissə bizneslə məşğuldur. Normal olaraq da biz münasibətlərimizi qururuq. Bu mənada Rusiyanı yaxud ABŞ-ı düşmən və ya əvəzedilməz partyor kimi qəbul etməli deyilik. Biz hər bir dövlətlə öz dostluq və tərəfdaşlıq münasibətlərimizi qururuq, qarşılıqlı maraqlar çərçivəsində üst-üstə düşən nöqtəni tapıb o sahədə fəaliyyətimizi davam etdiririk”.
Kəmalə