Bu gün günorta saatlarında Bakı şəhərinin Nəsimi rayonu ərazisində 1 nəfər 3 mərtəbəli binanın 3-cü mərtəbəsinin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Teleqraf.com xəbər verir ki, bununla əlaqədar dərhal FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib. Qısa müddət sonra əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən vətəndaşla yaxın məsafədən müvafiq psixoloji söhbətlər aparılıb. Eyni zamanda binanın həyətində xilasetmə yastığı açmaqla, zəruri təhlükəsizlik tədbirləri görülüb.
Öncədən həyata keçirilmiş təhlükəsizlik tədbirləri nəticəsində intihara cəhd edən şəxs 1978-ci il təvəllüdlü Baxşıyev Əbülfəz Yusif oğlu qurulmuş təhlükəsizlik döşəyi vasitəsilə xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.