Bakı şəhərinə bayram ərəfəsində satmaq məqsədi ilə külli miqdarda narkotik maddələr gətirən şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində keçirilən xüsusi əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini 1993-cü il təvəllüdlü İmamverdi İsgəndərov saxlanılıb.
Onun üzərindən və avtomobilindən 24 kiloqram, o cümlədən 13 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən qurudulmuş marixuana, 7 kiloqram heroin, 4 kiloqram psixotrop maddə metamfetamin aşkar edilib.
İ. İsgəndərov narkotikləri tanıdığı İran vətəndaşının tapşırığı ilə Astara rayonu ərazisindən gizlədilən yerdən Bakı şəhərində bayram ərəfəsində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.
Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.