“ABŞ-da Azərbaycanla bağlı keçirilən dinləmələr birbaşa olaraq köhnə ssenarini özündə əks etdirir”.
Bu fikirləri politoloq İlkiz İskəndərli deyib. Onun sözlərinə görə, bu ssenariyə, ilk növbədə demokratik mühitin tənqidi rəhbərlik edir: “Ölkəmizin davamlı inkişafını və iqtisadi artımlarını bir sıra digər ölkələrə misal kimi göstərmək olar. Bu kimi göstəricilər demokratik cəmiyyətin daha da təkmilləşməsinə təkan verən nüanslardandır. Lakin bu çərçivə qeyd etdiyim ssenaridə öz əksini layiqincə tapmayacaq. Belə dinləmələrin isə dəfələrlə şahidi olmuşuq və hər hansısa ciddi nəticələr gözlənilmir”.
İ.İskəndərli ABŞ-ın indiki dövlət kaitibi Con Kerrinin vaxtilə SSRİ-nin sonuncu rəhbəri Qorbaçova ünvanladığı məktubla bağlı bildirib ki, bu məktubun orijinal nüsxəsi ortaya çıxdıqdan sonra məsələlərin nədən ibarət olması hər kəsə bəlli olacaq: “Lakin bir həqiqət var ki, Con Kerri daim ermənipərəst mövqe sərgiləyib. Bunu nəzərə alaraq, Qorbaçova ünvanlanmış məktubda onun da imzasının yer alması kimi xəbərlər məni qətiyyən təəccübləndirmədi. Sadəcə, o məktubun orijinal nüsxəsini nəzərdən keçirdikdən sonra daha dəqiq fikirlər söyləmək olar”.
ABŞ-Azərbaycan münasibətlərinə toxunan gənc politoloq deyib ki, iki ölkə arasında olan münasibətlər artıq yeni dönəmə qədəm qoyacaq: “Ukraynada baş vərən hadisələr zamanı, Azərbaycanın yürütdüyü məqsədyönlü siyasət, Azərbaycanın artıq daha da qlobal coğrafiya üçün xüsusi əhəmiyyətini ortaya çıxarmış oldu. Əlbəttə ki, ABŞ hökuməti bunu çox gözəl anlayır və bu əhəmiyyətin qabardığı açıq hiss olunur. Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda vurğuladığı kimi, Azərbaycan Avropa üçün yeganə alternativ enerji mənbəyinə çevrilib. Düşünürəm ki, bu məsələ artıq həm Avropa, həm də ABŞ tərəfindən qəbul olunan bir məsələdir. Bununla bağlı olaraq, Azərbaycan-ABŞ münasibətlərində daha yaxınlıq və mehribanlıq hiss etmək mümkün olacaq”.
BƏXTİYAR